• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1767
— 20.01.2023 16:24

127 şəhidi olan rayon

KepezTV Player

Gəncədə olduğu kimi, ətraf şəhər və rayonlarda da 20 Yanvar faciəsi ilə bağlı tədbirlər keçirilib. Hadisə qurbanları anılıb.

Xalqımızın azadlıq mübarizəsinin şanlı səhifələrindən olan 20 Yanvar faciəsinin ildönümü Samux rayonunda qəhrəmanlıq salnaməsi, milli qürur günü kimi qeyd olunub. Yanvarın 20-də rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri Samuxun şəhidlər kompleksini ziyarət edib. Vətənimizin azadlığı uğrunda canından keçən qəhrəman oğul və qızlarımızın xatirəsi ehtiramla yad edilib, ruhlarına dualar oxunub. Samux rayonu ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə 127 şəhid verib. Onlardan 25-i Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıblar. Saat 12-də Samux rayonun bütün yaşayış məntəqələrində 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 20 faciəsinin 33-cü ildönümü ilə əlaqədər olaraq Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatının qərargahında sərgi də təşkil olunub. Məktəblilərin 20 yanvar və Vətən müharibəsinə aid rəsmləri nümayiş etdirilib.

Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutur. Hər bir bölgədə olan Şəhidlər xiyabanları isə müqəddəs ziyarətgaha çevrilib. Qazaxda da şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı ziyarət olunub, şəhidlərin xatirəsinə ucaldılan memorial abidə kompleksinin önünə tər qərənfillər düzülüb. Vətən uğrunda canından keçən bütün şəhidlərin ruhuna dua oxunub, əziz xatirələri ehtiramla anılıb. 20 Yanvar hadisəsinin 33-cü ildönümü ilə əlaqədar olaraq gün ərzində idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, müharibə əlilləri, ziyalılar, gənclər, rayon sakinləri memorial önünə tər qərənfillər düzüblər. Rayon ərazisində şəhidlərin xatirəsi yad olunub, hərəkət dayandırılıb, səs siqnalları verilib.

Ağstafada da 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib. Rayonun Şəhidlər Xiyabanındakı anım mərasimində şəhidlərin xatirəsi sükutla yad edilib. Abidə kompleksinin önünə gül dəstələri qoyulub. Vətənin azadlığı, suverenliyi və birliyi uğrunda canlarından keçən Azərbaycan oğullarının və qızlarının əziz xatirəsi yad edilib. Tariximizə qızıl hərflərlə yazılan 20 yanvar hadisəsini unutmayan xalqımız, ərazi bütövlüyü uğrunda 44 günlük vətən müharibəsində şanlı qələbə ilə tarix yazdı.

Naftalanda Azərbaycan tarixinin faciəli, eyni zamanda şərəfli səhifəsi olan “20 Yanvar faciəsinin il dönümü”nə həsr olunan anım tədbiri keçirilib. Şəhidlərin ruhlarına dualar oxunub. Şəhər rəhbərliyi, ictimaiyyət nümayəndələri “Şəhidlərin Xatirə kompleksi”ni ziyarət edib, ərazi bütövlüyümüz uğrunda canlarından keçən Vətən övladlarının xatirəsinə ucaldılan abidə önünə gül dəstələri düzüblər. Xalqın öz əzəli torpaqlarının bütövlüyü naminə apardığı haqq işini, onun azadlıq əzmini boğmaq niyyətinin baş tutmadığı yanvar hadisələri tariximizin faciəvi, eyni zamanda milli birliyimizin o vaxtadək görünməyən bir həddə nümayişi baxımından qürurverici anıdır. 20 Yanvar hadisələrinə əsl siyasi qiymət, eləcə də həmin faciənin qurbalarına şəhidlik statusu ümumilli lider Heydər Əliyev tərəfindən verilib. Müasir dövrdə Prezident İlham Əliyevin Vətən torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərin ailələrinə xüsusi diqqət və qayğı göstərdiyi tədbirdə diqqətə çatdırılıb. Ümumxalq hüzn günü ilə əlaqədar şəhər ərazisində dövlət bayraqları endirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.