• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1597
— 24.12.2022 12:18

Azərbaycan və Fransa liderləri Laçın yolundakı vəziyyəti müzakirə ediblər

KepezTV Player

Fransa Prezidenti Emmanuel Makron Prezident İlham Əliyevə zəng edərək Ermənistan və Azərbaycan arasındakı münasibətlərə, həmçinin Laçın rayonundan keçərək Xankəndi şəhərinə gedən yoldakı vəziyyətə toxunub. Prezident İlham Əliyev qeyd edib ki, ölkəmizin vətəndaş cəmiyyəti nümayəndələri Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərimizdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına və nəticədə ətraf mühitə vurulan ciddi zərərə etiraz edir. Dövlət başçısı Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərimizdə yaşayan sakinlərin yoldan mülki və humanitar məqsədlər üçün istifadəsində maneənin olmadığını, Beynəlxalq Qırmızı Xaç Komitəsinin yerli ofisinin xətti ilə tibb maşınlarının keçidinin təmin edildiyini vurğulayıb. Vətəndaş cəmiyyəti nümayəndələrinin əsas tələbinin faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması və ərazidə ekoloji monitorinq fəaliyyətinin aparılmasının təmin edilməsi olduğunu bildirib. Telefon söhbəti zamanı Prezident İlham Əliyev, həmçinin Ermənistanın Azərbaycana məxsus 8 kəndi hələ də işğal altında saxladığını qeyd edib. Makron Fransanın Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına, sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsinə dəstək verməyə hazır olduğunu bildirib. Prezident İlham Əliyev regional məsələlərə münasibətdə tarazlı və qərəzsiz davranışın vacibliyinə toxunaraq, Frankofoniya və bəzi digər beynəlxalq təşkilatlarda Azərbaycan əleyhinə olan fəaliyyətlərin təəssüf doğurduğunu diqqətə çatdırıb.