Nə az nə çox, Almaz Cəfərova düz 20 ildir Gəncədə, Kətə bişirir, oğlu Mahmud isə onun satışını həyata keçirir. Bunun üçün nə bir restoran, nə də bir obyekt icarəyə götürüblər. Elə öz evlərində bu işi icra edirlər. Hazırladığı qəlyanaltıya xüsusi həvəslə yanaşdığından müştərilərinin də bol olduğunu söyləyir.
Almaz Cəfərova - kətə bişirən: Göyləri bazardan alırıq. Gecədən yuyulur. Səhərə quruyur. Səhər saat 11-də xəmiri yoğururuq, 12-də başlayırıq bişirməyə. Həm xamalı kətə olur, həm yağlı. Çatdırılmada olur. burda da oturub yeyirlər.
Almaz Cəfərovaya bu işdə ona ən çox dəstək olan, böyük oğlu Mahmuddur. 2002-ci ildə, Mahmud 5-ci sinifdə oxuyanda, dərsdən sonra anasının bişirdiyi kətələri aparıb satır, qazandığı pulu isə anasına verirdi.
Mahmud Babayev - kətə satan: Atamız rəhmətə getmişdi çətiniydi vəziyyət. Bir iki işdə işlədim alınmadı. Sonra anam dedi ki, kətə bişirə bilirəm apar sat. 2002-ci il, oktyabrın 2-si 8 dənə kətə bişirdi, İndi ki, şans tibb mərkəzinin yeri əvvəl taxta bazarıydı, apardım orda satdım. Bəyəndilər. Ondan sonra yavaş yavaş başladıq işə. əvvəl gecələr işləyirdik. taksi sürücüləri gəlirdi. İndi səhər normal işləyirik.
1 manat 30 qəpiyə satılan bu kətənin, gün ərzində ən azı 50-70 nəfər arası alıcısı olur. Gəncə şəhərində istənilən ünvana da, elə Mahmud özü çatdırılma edir.
Nərgiz Əhmədqızı
- Baxış: 307