Dünya çempionatı ilə davam edirik. Mundialda iştirak edən ölkələrdən olan bir sıra oyunçular Azərbaycan Premyer Liqasında ayrı-ayrı klubların şərəfini qoruyurlar. Onlardan biri “Kəpəz”in formasını geyinən, İrandan olan Peyman Keşavarzidir. Müdafiəçi mundialla bağlı fikirlərini televiziyamızla bölüşüb.
Sarı-göylərin əcnəbi oyunçusu ilk olaraq vətənindəki hadisələrə münasibət bildirib. Baş verən olaylardan məyus olduğu və narahatlıq keçirdiyini deyən Peyman İrandakı çaxnaşmaların insanları ən çox sevdikləri idman növü olan futboldan belə uzaqlaşdırdığı söyləyib.
Peyman Keşavarzi “Kəpəz”in futbolçusu: Ölkəmdə olan hadisələrlə bağlı yaxınlarını itirən ailələrə, dünyasını dəyişən hər kəsə allahdan rəhmət eləsin deyirəm. Mən də burada çox pisəm, üzgünəm. Çox narahatam bunlara görə. Bu olaylar milləti futboldan uzaqlaşdırıb. İnanıram ki milli komandamız dünya çempiontında yaxşı nəticələrlə milləti sevindirəcək və yenidən o nəşəli günləri qaytaracaq.
Güney azərbaycanlı futbolçu hazırda hər kəsin diqqət mərkəzində olan dünya çempionatında ölkəsi İranın qrupdan da danışıb. Millisinin rəqiblərini dəyərləndirən Keşavarzi İranın növbəti mərhələyə adlayacağını düşünür.
Peyman Keşavarzi “Kəpəz”in futbolçusu: 2014, 2018 və 2022. İran 3-cü dəfədir ki, ardıcıl dünya çempionatında iştirak edir. İranın qrupu da çox yaxşıdır. İngilislər çox güclü komandadı. Bu mundialda da çempionluq iddiasındadı. Amerika qabaqkl kimi deyil, indi daha yaxşı futbol nümayiş etdirirlər. Eləcə də Uels çempionata Avropadan gəlib. Bu qitədən gələn komandalar çox güclü və planlı şəkildə irəliləyirlər. Ola bilər ki, ilk pillədə olmasa da, İran xallar qazanaraq qrupu ikinci sırada bitirər.
“Kəpəz”in müdafiəçisi qrupdakı ən maraqla gözlənilən və gərgin keçəcək qarşılaşmanın İran-ABŞ görüşü olacağını deyib.
Peyman Keşavarzi “Kəpəz”in futbolçusu: İranla ABŞ arasında oyun maraqlı olacaqdı. Məncə qrupda ən maraqlı oyun bu olacaq. Burada siyasi söhbətlər var ki, ona görə yaxşı oyun olacaq. Hər iki komanda çalışacaq ki bu mübarizədə qalib gəlsin. Siyasi arenadakı kimi idman sahəsində də ölkəsinə qələbə qazandırsın.
Dünya çempionatını hansı yığmanın qazanacağını əvvəlcədən bilməyin çətin olduğunu sözləyən Peyman Keşavarzi mundialdakı favoritini də açıqlayıb.
Peyman Keşavarzi “Kəpəz”in futbolçusu: Qabaqcadan demək olmur. Bütün komandalar yaxşıdır. Mən uşaq vaxtdan Braziliyanı izliyərdim. Amma indi çempion hansı millinin olacağını əvvəldən bilmək olmur. Komandalar bir-birlərinə qarşı başqa-başqa futbol oynayırlar. Mənim favoritim Braziliyadı. Istiyərdim ki, onlar qalib gəlsinlər və 6-cı dəfə kuboku başları üzərinə qaldırsınlar.
Peyman Keşavarzi “Kəpəz”də bu mövsümdən çıxış edir. O, arxada qalan 14 tur ərzində 6 qarşılmada Gəncə klubunun heyətində yer alıb.
- Baxış: 453