Daşkəsəndə ərzaq mağazalarında satışı həyata keçirilən saxta alkoqollu içkilər aşkarlanıb. Qida Təhlükəsizliyi Agentliyi Heydər Əliyev prospektində fəaliyyət göstərən, fiziki şəxs Asəf Əliş oğlu Bayramova məxsus “Elyar” marketdə və Heydər Binnət oğlu Bayramova məxsus ərzaq mağazasında keçirdikləri reyd zamanı bu faktları üzə çıxarıb. Reyd zamanı hər iki ictimai iaşə müəssisəsində aşkar edilən saxtalaşdırma əlamətləri olan 10 ədəd 0.5 litrlik, 9 ədəd 0.7 litrlik və 3 ədəd 1 litrlik “Organic Line” əmtəə nişanlı alkoqollu içkilər müəyyən edilib. Araşdırma zamanı qanunsuz olaraq təkrar spirtli içkilərin butulkalarından istifadə edildiyi, butulkaların içərisindəki spirtli içkinin orijinaldan fərqli miqdarda doldurulduğu, həmçinin başlıq hissələrinin kustar üsulla hazırlanaraq bərkidildiyi, malların orijinaldan kəskin fərqləndiyi müəyyən edilib. Aşkar olunan faktla bağlı qanunvericiliyə uyğun olaraq, alkoqollu içkilərin satışı dayandırılıb və məhsullar möhürlənərək saxlanca qoyulub. Müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Araşdırmalar davam etdirilir.
- Baxış: 395