Güləş üzrə böyüklərdən ibarət milli komandalarımız Göygöldə təlim-məşq toplanışındadırlar. Sərbəst və qadın güləşçilərimiz iki həftəyə yaxındır qarşıdan gələn yarışlara yerli olimpiya idman kompleksində hazırlaşırlar.
Sərbəst güləş seçməmiz əsasən ümumi və xüsusi fiziki hazırlıqlar üzərində çalışırlar. Cəldlik, güc, dözümlülük məşqlərində 20-yə yaxın pəhləvan iştirak edir. Gündə 3 dəfə məşq edən milli üzvləri həftə sonları kross qaçışları da yerinə yetirirlər. Toplanış gələn ay Türkiyənin Konya şəhərində keçiriləcək İslam Həmrəylik Oyunları, sentyabrda Serbiyada baş tutacaq böyüklər arasında dünya çempionatı, eyni zamanda oktyabr ayında 23 yaşlı güləşçilər arasında reallaşacaq dünya çempionatına hazırlıq məqsədi daşıyır.
Qadın güləş millimiz də sərbəst güləşçilər kimi Göygöldə adıçəkilən yarışlara hazırlaşırlar. Hazırlıqda 15-ə yaxın xanım güləşçi iştirak edir. Gündə iki dəfə məşq keçən zəriflər isə fiziki məşqlərlə yanaşı taktiki-texniki çalışmalara da üstünlük verirlər.
Göygöldəki toplanışdan sonra sərbəst güləşçilər Bakıda, qadın güləşçilər isə Türkiyədə İslam Həmrəylik Oyunlarına hazırlığın son mərhələsində döşək məşqlərində çalışmalarını davam etdirəcəklər.
- Baxış: 521