İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarının xidməti fəaliyyətləri zamanı yol verdikləri qanunsuz hərəkətləri barədə həmin dövlət qurumundan daxil olmuş materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanılaraq istintaq aparılır. Baş Prokurorluq və İqtisadiyyat Nazirliyinin birgə məlumatına görə, istintaqla Xidmətin 6 saylı Ərazi Vergilər Baş İdarəsində şöbə rəisi işləyən Haşımov Mircavad Fərman oğlunun həmin İdarədə böyük dövlət vergi müfəttişi vəzifəsində işləyən Kazımov Zakir Mahmud oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vergi ödəyicisinin fəaliyyətində aşkar edilmiş pozuntularla bağlı operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməməsinə görə vətəndaşdan 2020-2021-ci illər ərzində 2 dəfə olmaqla, cəmi 20 min manat məbləğində pul vəsaitini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib. Qanunsuz əməlləri ilə əlaqədar Mircavad Haşımov və Zakir Kazımov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
- Baxış: 1090