Ölkə futbolunun ən adlı-sanlı klublarından olan “Kəpəz” 4 il idi ki, premyerliqadan kənarda qalmışdı. İsminə uyğun olaraq dağ əzəmətli komandanın özünə yaraşmayan durumda, həm də 1-ci divizonda çıxış etməsi əksər futbolsevərləri üzürdü. Nəhayət, may ayının əvvəlində lisensiyalaşdırma tələblərini tam yetirən sarı-göylərın AFFA tərəfindən premyerliqada iştirakına icazə verilib. Bu xəbər təbii ki, ən çox yerli fanatların ürəyincə olub. Komandaya könül verən azarkeşlər “Kəpəz”in illər öncəki əzəmətini qaytarmasını, uğurlarını yenidən təkrarlamasını arzulayırlar
Bir vaxtlar komandanın heyətində uğurları üçün tər tökən veteran futbolçular da “Kəpəz” premyerliqa dönməsinə azarkeşlər qədər seviniblər. Onlar yeni mövsümdə sarı-göylərin adınalayiq, keçmiş ənənələri qoruyan komanda olmasını istəyirlər.
Dağlıların həm premyerliqada, həm də 1-ci divizionda baş məşqçisi olan Fuad İsmayılov da komandanın gələn mövsüm premyerliqada çıxış edəcəyini müsbət qiymətləndirib. Çalışdırıcı “Kəpəz”li elitanın daha maraqlı keçəcəyini ifadə edib.
3 dəfə Azərbaycan çempionu, 4 dəfə ölkə kubokunun qalib olan “Kəpəz” sonuncu dəfə premyerliqada 2017-2018-ci illər mövsümündə çıxış edib. Bu gəncəlilərin elitaya 3-cü qayıdışıdır.
- Baxış: 990