Təhsil Respublika İdman Mərkəzinin qərb zonası üzrə mini-futbol yarışına start verilib. Uşaq-Gənclər İdman-Şahmat məktəblərinin yetirmələri arasında reallaşan birincilik ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə keçirilir.
Cənub və Mərkəzi Aran zonasından sonra təşkil edilən qərb regionundakı yarışın qalibləri Gəncədə müəyyənləşəcək. 2011-2012-ci il təvəllüdlü futbolçuların qüvvəsini sınadığı mübarizələrdə müxtəlif şəhər və rayonları təmsil edən 13 komanda iştirak edir. Ənənəvi olaraq keçirilən yarış pandemiya səbəbindən 2 ildir ki təxirə salınmışdı və cari ildən yenidən bərpa edilib.
Mini-futbol üzrə yarış həmçinin bir növ seleksiya xarakteri daşıyır. Burada oyunlarda aşkarlanan perspektivli azyaşlılar Təhsil Nazirliyinin yığma komandalarına dəvət olunacaq.
6 zona üzrə keçirilən birincilikdə hər zonadan iki komanda final mərhələsinə vəsiqə əldə edəcək. Bakıda baş tutacaq final mərhələsi isə 4-7 may tarixlərini əhatə edəcək.
- Baxış: 1213