Bolqarıstanın Plovdiv şəhərində keçirilən 23 yaşadək güləşçilər arasında Avropa çempionatında qadın güləşi üzrə mübarizələrdə bürünc medal qazanan gəncəli xanım güləşçi Gültəkin Şirinova doğma şəhərinə qayıdıb. Yarışda yer tutan idmançı Gəncə İdman liseyində qarşılanıb. Qarşılanma mərasimindən sonra gənc xanım pəhləvanla görüş keçirilib. Tədbirdə məşqçilər, idmançılar və Gültəkin Şirinovanın yaxınları iştirak ediblər. Qeyd olunub ki, bu nəticə Gəncə qadın güləşi üçün böyük uğurdur. Bildirilib ki, Nizami yurdunda xanımlar arasında bu günədək belə nailiyyət əldə edən güləşçi olmayıb. Görüş zamanı güləşçinin Avropa çempionatındakı qarşılaşmaları da izlənilib. Əməkdar məşqçi Mehman Allahverdiyevin yetirməsi olan Gültəkin Şirinovanın 53 kq çəkidə 3-cü pillədə tamamladığı qitə yarışında digər gəncəli güləşçi Jalə Əliyeva isə birinciliyin qalib adını qazanıb.
- Baxış: 474