Gəncədə uşaq futbolunun inkişafı üçün böyük əhəmiyyət daşıyan və ötən ilin sonundan AFFA tərəfindən yenidənqurmasına başlanılan Lokomotiv meydançasında işlər sürətlə davam edir. Meydançanın əsasını qoymuş tanınmış məşqçi Konstantin Abramenkodan miras qalan idman qurğusunda inşaat işləri qarşıdakı iki ayda ərzində tamamlanmalıdır.
Bu kadrlar az qala yarım əsrlik tarixi olan Lokomotiv meydançasının əvvəlki vəziyyətindəndir. Futbol oynamaq üçün əlverişsiz durumda olan torpaq meydanda uşaqlar top qovarkən zədələnir, qarda, yağışda burada məşq etmək müşkül məsələyə çevrilirdi. Bu izlədiyiniz görüntülər isə meydançanın müasir formada yenidən qurulması, tikinti işləri aparıldığı zaman çəkilib. Əsaslı şəkildə bərpa edilən, uzunluğu 42, eni isə 22 metr olan meydançanın torpaq örtüyü hamarlanaraq asvalt çəkilib, ətrafına dəmir dirəklər basdırılıb. Hazırda isə dirəklərin arasına dəmir çəpərlər quraşdılır. Çəpərləmə işləri isə 1 həftə ərzində başa çatdırılacaq.
Sovetlər dönəmində Nizami yurdundan çıxan futbolçuların böyük əksəriyyəti məhz bu meydanda yetişib. Ona görə də qurğunun təmiri Lokomotiv meydançasında bu idman növünün sirlərinə yiyələnən veteranlar üçün vacib əhəmiyyət daşıyır.
Meydançanın layihəsində muzeyin yaradılması da nəzərdə tutulub. Burada Konstantin Abramenkonun tanınmış yetirmələrinin şəkilləri, onlara aid idman geyimləri, eləcə də Lokomotivin qazandığı kuboklar, medallar nümayiş etdiriləcək.
Lokomotiv meydançasında tikintiyə dekabrın əvvəlində başlanılıb. İnşaat işlərinin aprel ayınadək yekunlaşdırılması nəzərdə tutulur. Bundan sonra meydança uşaq komandalarının ixtiyarına veriləcək.
- Baxış: 908