Şəmkirdə rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “8 Noyabr-Zəfər Günü”nə həsr olunmuş Zəfər Marafonu keçirilib. “Qarabağ Azərbaycandır”, “Zəfər Tariximiz”, “Bu Zəfəri bizə yaşadanlar üçün birləşək” şüarları altında keçirilən tədbirdə rayonda fəaliyyət göstərən idarə, müsəssisə və təşkilatların nümayəndələri, idmançılar iştirak ediblər. Yarışın təntənəli açılış mərasimində çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev qarşıdan gələn gün münasibətilə iştirakçıları təbrik edib. Marafonun keçirilməsində məqsəd qələbə əhval-ruhiyyəsini yaşamaq, şəhidlərimizi yad etməkdir. Rəsmi hissədən sonra 500 nəfərdən çox sakinin iştirakı ilə marafona start verilib. İştirakçılar Bayraq Meydanından Şəhidlər Xiyabanınadək 5 kilometr məsafə qət ediblər.Yarışda finiş xəttinə ilk olaraq N saylı Hərbi Hissənin zabiti Sənan Qocayev çatıb. İdmançı Fərhad Zamanov ikinci, 11-ci sinif şagirdi Əli Əliyev isə üçüncü yeri tutub. Qaliblərə Şəmkir Rayon İcra Hakimiyyətinin xatirə hədiyyələri təqdim olunub.
- Baxış: 994