I Divizionda 3-cü turun oyunları çərçivəsində "Kəpəz" Gəncə şəhər stadionunda "Qarabağ-2" komandasını qəbul edib. Gəncə klubu meydana 27 sentyabr Anım Günü ilə əlaqədar olaraq "Döyünən ürəyimizi qəhrəmanlara borcluyuq" plakatı ilə çıxıb. Oyuna gəlincə, ilk hissə qonaqların aktivinə yazılıb. Hücumda dəqiqlik nümayiş etdirən "Qarabağ" ələ düşən fürsətlərdən maksimum yararlanaraq iki qol vurub. Hissənin əvvəlində Seyxan Fərəcov hesabı açıb, fasiləyə az qalmış isə Sultan Mustafayev fərqi artırıb. "Kəpəz" qısa istirahətdə özünə gəlməyi, toparlanmağı bacarıb. Bunun nəticəsidir ki, ikinci yarıda tam başqa komanda oyunda görünüb. 52-ci dəqiqədə Vüsal Məsimov standart vəziyyətin davamında başla fərqlənərək hesab aradındakı fərqi azaldıb. Bir qədər sonra Tural Rzayev bərabərliyi təmin edən qolu vurub. Hücumçu mövsümdə ikinci dəfə 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. Əzmkarlıq göstərən "sarı-göylər" oyuna sonradan daxil olan Cavid İmamverdiyev ilə hesabda irəli keçiblər. Yarımmüdafiəçinin qolu əsas vaxta artırılan 3-cü dəqiqəyə təsadüf edib. Bu qoldan ruhlanan meydan sahibləri daha bir məhsuldar zərbəyə seviniblər. Ötən mövsümün bombardirlərindən olan Bəhruz Teymurov Gəncə klubunda qol hesabını açıb - 4:2. Beləliklə, əvvəlki günlərini xatırladan "Kəpəz" 1500-ə yaxın azarkeşin izlədiyi görüşdə möhtəşəm geridönüş edib.
- Baxış: 776