Daşkəsənin igid, qorxmaz şəhidi Elnur Bağırovdan danışacayıq. Tək amalı, vətəni azad görmək olan igidimizi gəlin daha yaxından tanıyaq.
Bağırov Elnur Sahib oğlu.. Vətən müharibəsində ön cəbhədə dayanan oğullardan biri idi Elnur. Müharibənin başlaması ilə irəli atılan Elnur və yoldaşları heç nədən qorxmur, çəkinmirdi. Mənfur düşməni məhv etməyi özlərinə hədəf seçən qəhrəman igidlərimiz vətən uğrunda şəhadətə yüksəldilər. Anasının işi ilə bağlı təkidini qəbul etməyən Elnur, həyatın mənasını vətənə xidmətdə görürdü..
Çiçək Bağırova şəhidin anası: Deyirdim ki, hərbidən çıx Elnur. Sona kimi işləyəcəm deyirdi.Mən ona qorxduğumu desəmdə, müharibəyə gedəndə zəng etdim, zəng çatmadı. Müharibə başlamazdan bir neçə gün əvvəl, danışanda dedi ki, şəhid də olsam, özünü itirmə.Onu dedi, ayrı da heç nə demədi..
Hər zaman xeyirxahlıq edən, etdiyi yaxşı əməllərlə xatırlanan Elnur evlənməyə də tələsməyib. Xalasının sözlərinə görə o, atasını yeni itirdiyini bildirərək evlənmək istəmirmiş..
Minayə Məmmədova şəhidin xalası: Çox ağıllı bir oğul idi. Çox dinə bağlı, namaz qılırdı, mərsiyələr deyirdi.Şeirləri var. Onun hələ bir şeiri var idi, atasının yanında dəfn olunmağı arzu edirdi.Bir bacı bir qardaş idilər ailədə. Deyirdik evlən, deyirdi ki, atamın ruhuna hörmətsizlik edə bilmərəm.Qoy atamın ili çıxsın, sağlıq olsun, torpaqlarımız işğaldan azad olunandan sonra sonra evlənməyi düşünərik deyirdi.
Atasının yoxluğunu heç vaxt hiss etdirməməyə çalışan şəhidimiz, çox qoçaq olub. Elə gənc yaşlarından çalışması, işləməsi də buna əyani sübutdur..
Ayşən Tağıyeva şəhidin bacısı: Sentyabrın 26-ı gəlib dedi ki, gedirəm, ola bilər gəlməyə bilərəm. Amma unutma ki, qardaşın Sizə ucadan baxacaq. Çox zəhmətkeş idi. Atamı itirəndə bu qədər təsir etməmişdi mənə. O mənə, həm ata, həm qardaş idi. İndi tək qalmışam. Qardaşımı axtarıram. Çox mehriban idi. O şəhid olanda onunla fəxr etdim, onsuzda hər zaman onunla fəxr etmişəm. İndi də edirəm.
Şəhidin uşaqlıq dostu deyir ki, Elnur ixtisasını çox sevirmiş. Ona təhkim olunan silahının təyinatını, taktiki-texniki xüsusiyyətlərini yaxşı mənimsəmişdir.
Tural Rzayev şəhidin dostu: Xidmətə başlayan zaman ən çətin ixtisaslardan birini, snayper vəzifəsini seçmişdi Elnur.İxtisasının mahir bilicisi olub, hər zaman fərqlənib. 2 dəfə medala layiq görülüb. Diplomları, tərifnamələri də var. Müharibədən əvvəl təlimlərdə də fərqlənib. Vətənpərvər idi. O xidmətə başlayanda Murovdan, ön cəbhədən başlayıb. Həmişə özünəgüvəni olub. Dağlarda xidmət aparıb. 27-i gecə əməliyyat başlayıb. Birinci döyüşdə iştirak edib. Getməzdən əvvəl də hamı ilə sağollaşıb. Sanki hiss etmişdi şəhid olacağını. Gecə saatlarında düşmənin minaatanlarla hücumu zamanı şəhid olmuşdur.
Elnur Bağırovun döyüşlərdə görtərdiyi qəhrəmanlıqlar,"Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə qiymətləndirilib.
Nərgiz Əhmədqızı
- Baxış: 1083