• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 683
— 05.08.2021 20:37

Elnur Məmmədovun 32 yaşını ailəsi onsuz,amma fəxrlə qeyd edir

KepezTV Player

Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan daha bir qəhrəman - Elnur İsrafil oğlu Məmmədov...Yaşasaydı, 32 yaşı olacaqdı, amma biz nə deyə bilərik tale deyənə ?! Onun qədərində 31 il yaşayıb, şəhadətə ucalmaq varmış. Bu səbəbdən də doğum günü, uyuduğu şəhidlər xiyabanında məzarı yanında anılıb.

1989-cu ildə, Daşkəsən rayonunda anadan olan Elnur Məmmədovun uşaqlıqdan vətənə, torpağa bağlılıq hissi çox güclü idi. 2012-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin məzunu olan Məmmədov öz ixtisası üzrə işləməyib, hərbiçi olmağa qərar verir. Elə kəşfiyyatçı olaraq da İkinci Qarabağ müharibəsində yüksək qəhrəmanlıq nümunəsi göstərir. Məmmədovlar ailəsinin üç oğlundan 2 si Vətən müharibəsində iştirak edib.

Mayisə Pirverdiyeva şəhidin anası:Onları təlimə aparırdılar. 1 ilin 1 ayını evdə oturmurdu o uşaq. Ayda 2 dəfə təlimə aparırdılar onları hər yerə. Ən çox Kəlbəcəri sevirdi o. Kəlbəcər həvəsində idi mənim oğlum. O Kəlbəcərə gedirdi gəlirdi. Prezident danışırdı müharibədən. Deyirdi ki, kaş müharibə başlasın. Deyirdim oğlum başlamasın. Müharibə çoxlarına yara vurdu. 34 yaşında dayın da şəhid oldu. Deyirdi ana o dayımdan artıq oğlanlar deyilik ki, biz.

İsrafil Məmmədov şəhidin atası: Bu müharibə başladığı dövrdən qabaq Polad Həşimovu vurdular. Hərbiçilərə çox təsir elədi ki, bizim belə generalımızı şəhid ediblər. Deyirdi müharibə tez başlasa birdəfəlik biz bu ermənilərlə qurtararıq.

2 əkiz qız atası olan Elnur Məmmədov sevdikləri ilə vidalaşaraq döyüşlərə yolandı, çünki Vətənin onun kimi mərd oğullara ehtiyacı olduğunu bilirdi. Ailəsi ilə son danışığı oktyabrın 1-i olan Elnur Məmmədov sanki ən ali zirvəyə ucalacağını hiss edirmiş.

Mayisə Pirverdiyeva şəhidin anası:Telefonu keçirdi gördüm nəsə onun da səsi yaxşı gəlmədi birdə yığdı. Dedi bura elə bir yerdi ki, burda qələbə olmasa geriyə yol yoxdu. Yəni şəhid olsam şəhidin anası başını dik tutar ağlamaz. Şəhid olsam ağlama. Gecə qızlarını gətirdi bura mənlə görüşdürdü. Qızı ilə söhbət elədi orda. Dedim Elnur nə danışırsan dedi heç nə. Uşaqdan soruşdum ki, Sevgi atanla nə danışırdın. Deyir atam mənə dedi ki, mən şəhid olsam neynəyərsiz. Getdim dedim ki, oğul elə demə. Dedi ana mən şəhid olacam. Mən o döyüşə girəcəm şəhid olacam. Elə bil Allah onun qəlbinə gətirmişdi.

İsrafil Məmmədov şəhidin atası: Oktyabrın 2-də eşitdik ki, oğlumu vurublar. Snayper gülləsi ilə vurmuşdular uzaqdan. Həmin gündən 53 gün keçdi. Neytralda qalmışdı çıxra bilmirdilər. Noyabrın 22-si günü çıxardılar. 23-ü götürüldü.

Məmmədovlar ailəsi deyir ki, 30 illik qara ləkə şəhidlər və qazilərin sayəsində üzərimizdən götürüldü. Onlardan biri olan Elnur Məmmədov elə arzusunda olduğu Kəlbəcər uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalır. Bu gün 32 yaşını ailəsi onsuz amma fəxrlə qeyd edir. Elnur Məmmədov ölümündən sonra “Cəsur döyüşçü”, “Kəlbəcərin azad olunmasına görə” və “Vətən uğunda” medalları ilə təltif olunub.

Aişə Rzayeva