• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1624
— 31.07.2021 20:30

Yanğın nəticəsində ölənlərin sayı beşə çatıb

KepezTV Player

Antalyanın Manavqat rayonunda baş verən meşə yanğınları nəticəsində ölənlərin sayı beşə çatıb. Xəstəxanalarda müalicə alan 410 nəfərdən 400-ü artıq evə buraxılıb. Türkiyənin səhiyyə naziri Fahrettin Koca qeyd edib ki, Marmaris və Bodrumda baş verən meşə yanğınları nəticəsində 160 nəfər xəsarət alıb. Onlardan 159-nun müalicəsi artıq başa çatıb.

Bu arada Bodrum şəhərində daha bir meşə yanğını baş verib. Bodrumun Kumbahçe məhəlləsi İçmeler yolu üzərində yerləşən meşədəki yanğın hadisəsi küləyin səbəbindən qısa müddətə geniş sahəyə yayılıb. Yanğının yaxınlıqdakı yaşayış yerlərinə keçməməsi üçün yanğınsöndürənlər gərgin iş rejimində fəaliyyət göstərir.

Yanğının söndürülməsində FHN-nin qüvvələri də iştirak edir

Türkiyənin Marmaris vilayətində isə bələdiyyənin göstərişi ilə ərazidə yaşayan sakinlər təxliyə edilib. Havanın küləkli olması yanğınsöndürənlərin işini çətinləşdirib.Hava şəraitinə baxmayaraq hadisə baş verən ərazilərin bir hissəsində yanğın lokallaşdırılıb. Yanğının söndürülməsində Türkiyə və Azərbaycandan gedən yanğınsöndürənlər birgə iştirak edir. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə ötən gün Fövqəladə Hallar Nazirliyinin 100 nəfər əməkdaşı Türkiyəyə yollanıb. Bu gün nazirliyin müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu qardaş ölkəyə yola düşüb. Qrupa 1 ədəd helikopter, 53 ədəd yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikaları, 220 nəfər yanğınsöndürən və xilasedici daxildir. Son məlumata görə, yanğınsöndürmə xidmətlərinin birgə səyləri ilə 98 meşə yanğından 88-i lokallaşdırılıb.