Ağstafanın igid, qorxmaq vətən oğlu, idmançı şəhidimiz haqqında video material hazırlamışıq. Xaləddin Cəlilovu gəlin yaxından tanıyaq.
Xaləddin Cəlilov 2002-ci il aprelin 13-də Ağstafa rayonunun Yenigün kəndində anadan olub. Uşaqlıqdan idmana marağı olub, xüsusən də boksa. Atası tərəddüt edib onu güləşə yazdırsa da o israrla boksu seçib. Necə ki, indi şəhid olub, və ən yüksək zirvədədir, elə o vaxtda hər zaman Azərbaycanın adını uca tutaraq, bayrağımızı ən yüksəyə qaldırıb.
Xaləddin sonuncu dəfə atası ilə danışanda, hərbidə qalmaq, hər zaman vətənin keşiyində durmaq istədiyini deyib. Həmin vaxtlar Rusiyada olan Asəf ata isə bu fikrə qarşı çıxıb. Elə o danışıqdan 5 gün sonra, qərib diyarda, yad eldə, oğlunun şəhid olması xəbərini alır.
Bizim igidlərimiz, vətəni seçməklə, anadan, baladan, nazlı yardan da keçdilər. Yar demişkən, Xaləddinin sevdiyi var idi. İndi onun da gözü yoldadı... Əsgər olmasının 6 ayı tamam olanda, məzuniyyətə gələcəydi, elə həmin vaxtda nişanlanmaq, tezliklə yarına qovuşmaq istəyirdi, amma vətən sevgisi hər şeyin önünə keçdi. Sevdiyi, nişan üzüyü gözləyirdi, onun qismətinə isə 3 rəngli bayrağa bükülmüş tabut düşdü.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Xaləddin Cəlilov ölümündən sonra "Cəsur döyüşçü", "Vətən uğrunda" medalları ilə təltif olunub.
Nərgiz Əhmədqızı
- Baxış: 775