Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsinin yeni istifadəyə verilən hərbi şəhərciyində yaradılan şəraitə baxıb. Müdafiə naziri Zakir Həsənov deyib ki, burada inşa olunan qərargah binasında hərbi hissə komandanlığının fəaliyyətinin yüksək səviyyədə təmin olunması üçün bütün şərait yaradılıb.**Prezident, Ali Baş Komandan İlham Əliyev döyüş növbətçiliyində olan S-300 PMU-2 “Favorit” Zenit Raket Komplekslərinin start mövqeyinə gəlib. Dövlət başçısına yeni və müasir avadanlıqla təchiz edilmiş mobil Komanda Məntəqəsi barədə də məlumat verilib. Məntəqə müxtəlif növ zenit-raket komplekslərinin, radiolakasiya vasitələrinin, radio-texniki kəşfiyyatın, radio-elektron mübarizə vasitələrinin, kəşfiyyat və zərbə pilotsuz uçuş aparatlarının, ordu, qırıcı və hücum aviasiyasının eyni vaxtda idarə olunmasını təmin edir. Sonra Ali Baş Komandana Hərbi Hava Qüvvələrinin bir sıra hərbi texnikası barədə məlumat verildi.
Daha sonra Prezident İlham Əliyev Hərbi Hava Qüvvələrinin hərbi qulluqçularının ailələri üçün nəzərdə tutulmuş yeni xidməti mənzillərdə yaradılan şəraitlə tanış olub. Yeni hərbi şəhərcik iki binada 48 xidməti mənzildən ibarətdir. Bütün mənzillərdə hərbi qulluqçularımızın ailələri ilə birlikdə rahat yaşaması üçün hər cür şərait yaradılıb.
- Baxış: 580