Bu gün Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir. Silahlı Qüvvələrin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. Azərbaycan Milli Ordusu Ermənistan ordusunun təcavüzkar hücumlarının qarşısını dəfələrlə uğurla ala bilib. Ötən il isə Dünyanın ən güclülərindən olan şanlı ordumuz öz tarixi missiyasını yerinə yetirdi. İşğal altında olan torpaqlarımız artıq azaddır! Müzəffər Ordumuz 44 günlük Vətən Müharbəsində Ali Baş Komandanın rəhbərliyi altında tarixi zəfərə imza atdı.
Prezident İlham Əliyev Tvitter hesabında Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib. “Azərbaycan torpaqlarını işğaldan azad edən müzəffər Ordumuz öz tarixi missiyasını yerinə yetirdi. Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!" - deyə paylaşımda qeyd olunur.
Birinci vitse-prezident Mehriban Əliyeva isə rəsmi "Instagram" səhifəsində 26 İyun - Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib. “Bu gün biz böyük fəxarətlə Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününü qeyd edirik! Sözlə ifadə edilməsi çətin olan hislərlə qeyd edirik. Biz Azərbaycan Ordusuna, əsgər və zabitlərimizə hədsiz dərəcədə minnətdarıq! Bu əlamətdar gündə Vətən uğrunda həlak olmuş qəhrəman oğullarımızın nurlu xatirəsini ehtiramla yad edir, onların doğma və yaxınlarına səbir arzulayıram! Bütün əsgər və zabitlərimizi səmimi-qəlbdən təbrik edirəm, Uca Tanrıdan onların hər birinə möhkəm cansağlığı, sevinc, sevgi və səadət, doğma Azərbaycanımıza sülh və əmin-amanlıq bəxş etməsini diləyirəm!”, - deyə Mehriban Əliyeva vurğulayıb.
- Baxış: 609