ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker Cənubi Qafqaz regionuna səfər çərçivəsində Azərbaycanda oldu. Amerikalı siyasətçi Bakıda bir sıra görüşlər keçirdi, ermənilərin mina siyasəti ilə bağlı açıqlamalar verdi. Politoloq Arzu Nağıyev Kəpəz televiziyasına Filip Rikerin səfərinin əhəmiyyətini və nəticələrini şərh edib.
Bu, ABŞ-ın yeni administrasiyasından Azərbaycan edilən ilk səfər idi. Filip Riker Bakıda keçirdiyi görüşlərdə iki ölkə arasında əlaqələrin prioritetlərinə toxundu. ABŞ şirkətlərinin Azərbaycan iqtisadiyyatına investisiya yatırması və işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştirakı müzakirə edildi, bölgədə baş verən son hadisələr, o cümlədən sərhəd məntəqəsində yaşanan gərginliklə bağlı narahatlıq ifadə olundu. Riker azərbaycanlı jurnalistlərə açıqlamasında Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsi üçün bütün xəritələrin təhvil verilməsinin vacibliyini də vurğuladı.
Filip Riker ABŞ dövlət katibinin köməkçisi: İnsanların minaya düşərək həlak olmaları faciədir. Mən İrəvanda olarkən də bu fikirlərimi səsləndirəcəm. Mina xəritələrini təhvil vermək lazımdır. Sülh naminə bunu etmək mütləqdir. Bu ərazilərin minalardan təmizlənməsi prosesində də iştirak etməyə hazırıq.
Filip Rikerin Azərbaycana səfəri Birləşmiş Ştatların yeni administrasiyasının regionu diqqətdən kənarda qoymadığının, rəsmi Bakı ilə münasibətlərə önəm verdiyinin göstəricisi kimi qiymətləndirilir. Politoloq Arzu Nağıyev amerikalı siyasətçinin Bakıya gəlişini ümumi maraqlardan doğan səfər kimi xarakterizə edib.
ABŞ dövlət katibinin köməkçisi Bakıdan sonra Ermənistana yollandı. Azərbaycanı tərk etməmişdən İçəri şəhərdə təndir çörəyinin dadına baxan Filip Riker ümid edirik ki, İrəvanda çörəyi dizinin üstündə olmadığını göstərib və Bakıda səsləndirdiyi, xüsusilə də mina xəritələrinin verilməsinin vacibliyi ilə bağlı fikirlərini ermənilərin də diqqətinə çatdırıb. Baxmayaraq ki, aparıcı erməni mediası bu barədə bir kəlmə də yazmayıb.
- Baxış: 577