Gəncə şəhərinin ətraf rayonlarla genişlənən hissəsində yeni qaz xətləri çəkilir. 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq işləri çərçivəsində görülən tədbirlər kifayət qədər abonentin qazla təminatını yaxşılaşdıracaq.
Nizami yurdunda həyata keçirilən təmir-tikinti işləri Gülüstan yaşayış massivindən Qızılqaya qəsəbəsi istiqamətində aparılır. Ərazidə pərakəndə formada çəkilən qaz xətləri diametri 225 millimetr olan vahid polietilen borularla əvəzlənir. 2300 metr uzunluğunda olan yeni qaz xətti 3500-ə qədər abonentin mavi yanacaqdan dayanıqlı şəkildə istifadəsinə şərait yaradacaq.
Gəncə Regional Qaz İstismar İdarəsi yeni qaz xətlərinin çəkilməsini təkcə Gəncədə həyata keçirmir. Qurumun xidmət göstərdiyi rayonlarda da paralel olaraq işlər gedir.
Baş mühəndisin sözlərinə görə eyni zamanda bu ilin sonunadək Göygölün bir neçə kəndində də abonetlərin mavi yanacaqla təmin olunması planlaşdırılır.
Gəncədə növbəti mərhələdə 2500-ə yaxın abonentin yaşadığı Gülüstan yaşayış massivində yerləşən Vaqif Qəmərli küçəsində yeni qaz xətlərinin çəkilməsi həyata keçiriləcək.
- Baxış: 501