Şəmkir polisi silahlı şəxslərə qarşı genişmiqyaslı əməliyyat keçirib. Nəticədə xeyli sayda silah-sursat aşkar edilərək götürülüb.
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Əkbər Sadıqov saxlanılıb. Ondan 1 ədəd istifadəyə yararlı, “PPS” modelli, “Sudayev” konstruksiyalı tapança pulemyot, 1 ədəd onun komplekt hissəsi hesab edilən sandıqca və 150 ədəd 7,62 mm-lik atəşə yararlı patron aşkar edilərək götürülüb.
Daha bir əməliyyatla rayonun Dəllər-Cəyir kənd sakini Elşad Əliyevdən də odlu silah götürülüb. Belə ki, daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Əliyevin fərdi yaşayış evinə baxış keçirilib. Oradan 1 ədəd istifadəyə yararlı, “Makarov” konstruksiyalı tapança, həmin tapançaya aid 1 ədəd daraq və 23 ədəd patron aşkar edilərək götürülüb. Şəmkir polisinin keçirdiyi digər tədbirlər nəticəsində daha bir neçə ədəd müvafiq sənədi olmayan, istifadəyə yararlı odlu silah aşkarlanıb.
Götürülən silahlar hər hansı cinayətdə istifadə edilib-edilmədiyinin müəyyənləşdirilməsi üçün ekspertizaya göndərilib. Faktlarla bağlı Şəmkir RPŞ-nin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.
- Baxış: 1225