DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə həyata keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Mütəllim Xəlilov saxlanılıb. Üzərindən qurudulmuş marixuana, yaşadığı kəndin dağlıq sahəsindən satmaq məqsədi ilə əkib-becərdiyi 94 ədəd çətənə kolu aşkar edilib. Xəlilovun yaxın əlaqələri də yoxlanılıb və onun tanışları - Gəncə şəhər sakini Yusif Orucov və həmyerlisi Əbülfəz İsmayılov da saxlanılıb. Orucovdan 7 ədəd kibrit qutusunda satmaq məqsədi ilə qablaşdırılan marixuana aşkar edilib. İsmayılovun isə Şəmkir ərazisində meşə zolağında gizlətmək məqsədi ilə torpağa basdırdığı və evində saxladığı 4 ədəd odlu silah, o cümlədən “AKM” və “AKS” markalı avtomatlar, 1 ədəd “TOZ-16” markalı karabin, 1 ədəd “MP-155” markalı ov tüfəngi, həmin silahlara məxsus 2 ədəd sandıqça və 36 ədəd patron aşkarlanaraq götürülüb.
Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri sonuncu əməliyyat tədbiri zamanı isə paytaxt sakini Hümmət Səlimanov saxlanılıb. Belə ki, Binəqədi qəsəbəsində yaşayan Səlimanovun evinin zirzəmisində narkotik tərkibli bitkiləri əkib-becərdiyi barədə idarəyə əməliyyat məlumatı daxil olub. Həmin şəxs saxlanılıb, evin zirzəmisinə baxış zamanı orada yaratdığı istixanadan xüsusi qulluq edərək yetişdirdiyi ümumilikdə 103 ədəd çətənə kolları və şitilləri, eləcə də 850 qram qurudulmuş marixuana aşkar edilib. Hümmət Səlimanov ifadəsində narkotik tərkibli bitkiləri bu ilin əvvəlində əkdiyini və onların yetişməsi üçün zirzəmiyə xüsusi olaraq su, istilik və havalandırma sistemi çəkdiyini bildirib.
Faktlarla bağlı cinayət işləri başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.
- Baxış: 997