Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən evlərdən birində qadına qarşı quldurluq edilib. Zərərçəkən şəxs polisə müraciət edərək bildirib ki, aprelin 19-u gecə saat 03 radələrində yaşadığı mənzildə tək olan zaman üzlərində maska olan naməlum şəxslər evin giriş qapısının açıq olmasından istifadə edərək mənzilə daxil olublar. Daha sonra həmin şəxslər onun boğazından tutaraq həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələyib pul və qızıl-zinət əşyaları tələb ediblər. Bu zaman qadın yataq otağında pulun yerini göstərəcəyini bildirərək orada quraşdırılan siqnalizasiya sistemini işə salıb. Yaranan səsdən sonra həmin şəxslər qaçaraq mənzili tərk ediblər. Hadisə yerindən uzaqlaşan zaman onlar qadının 1500 manat pulunu da götürüblər. Həyata keçirilən axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Elman Şahmuradov və Kənan İsmayılov saxlanılaraq istintaqa təqdim ediliblər. Araşdırma zamanı həmçinin müəyyən edilib ki, Kənan İsmayılov zərərçəkənin yaxın qohumudur. Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
- Baxış: 552