Futbol üzrə Azərbaycan I Divizionunda 18-ci turun oyunlarına start verilib. Tur çərçivəsində Kəpəz Gəncədə Keşlə-2-ni qəbul edib. Oyun Nizami yurdunun təmsilçisi üçün pis başlayıb. 27-ci dəqiqədə qonaq komandadan Bəşir Ayralov fərqlənərək Kəpəzi hesabda geri salıb. Ancaq bakılıların sevinci cəmi 4 dəqiqə çəkib. Elcan Rəhimov rəqib qapısına yol taparaq status-kvonu bərpa edib. Fasilədən sonra üstünlüyü ələ alan meydan sahiblərindən 58-ci dəqiqədə Əli Səmədov əks hücumu qolla tamamlayıb. 2:1. Əsas vaxta artırılan 3-cü dəqiqədə isə Kəpəzin oyunçusu Orxan Abdullayev baxımlı qola imza ataraq komandasının 3:1 hesablı qalibiyyətində pay sahibi olub. Sonuncu dəfə 6-cı turda MOİK-ə qalib gələn sarı-göylər bununla da uzun aradan sonra qələbə həsrətinə son qoyublar.
- Baxış: 488