Əvvəl başqa maşının nömrələrini oğurladıları, sonra isə marketdən ödəmə terminalını. Paytaxtda polisin keçirdiyi əməliyyatla keçmiş məhkumların başqa əməlinin də üstü açılıb. Film kimi cinayətin təfərrüatları barədə süjetimiz var.
Paytaxtın Binəqədi rayonu ərazisində yerləşən marketlərdən birində quraşdırılan, içərisində 3953 manat pul olan ödəmə terminalı oğurlanıb. Hadisənin törədilməsi müşahidə kameraları vasitəsi ilə anbaan qeydə alınıb. Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsinə məlumat daxil olan kimi cinayətkarların axtarışlarına başlanılıb. “İsti izlərlə" oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar Məmməd Kazımov və Emil Həmzəyev saxlanılıblar. Müəyyən edilib ki, onlar hadisə yerinə Kazımovun idarə etdiyi “VAZ-21011”markalı avtomobillə gediblər. Həmin şəxslər əvvəlcə maşının dövlət qeydiyyat nişanını dəyişdirmək üçün Sabunçu rayonunda “Chevrolet” markalı nəqliyyat vasitəsinin nömrələrini oğurlayıblar. Kazımov və Həmzəyev götürdükləri ödəmə terminalını Masazır qəsəbəsində yerləşən qəbiristanlığın ərazisində yararaq içərisindəki pulu ələ keçiriblər. Həmzəyev pulun bir qismi ilə özünə məxsus “Khazar” markalı avtomobilin kredit borcunu ödəyib.
Ətraflarında araşdırma aparılan zaman onların elə həmin gün Nəsimi rayonunda yerləşən mağazalardan birindən 400 manat oğurladıqları da məlum olub. Faktla bağlı toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir. Məmməd Kazımov və Emil Həmzəyevin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə və ya şöbələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.
- Baxış: 489