ABŞ-ın Yuta ştatında Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş sərgi açılıb. Tədbir Solt Leyk Siti şəhərinin mərkəzindəki Kapitol binası qarşısında açıq havada təşkil edilib. Sərgidə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Azərbaycanın Xocalı şəhərini işğal edərkən dinc azərbaycanlıları kütləvi şəkildə qətlə yetirməsini əks etdirən məlumatlar və fotoşəkillər nümayiş olunub. Qəddarcasına həyata keçirilən hərbi cinayət zamanı 613 azərbaycanlının qətlə yetirildiyi, 487 nəfərin yaralandığı, 1275 nəfərin əsir götürüldüyü, onlardan 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyinin bu günədək məlum olmadığı diqqətə çatdırılıb. Sərgi ərazidən keçən yerli sakinlərin diqqətini cəlb edib. Onlar fotoşəkillərə tamaşa edib, Xocalı faciəsi barədə ətraflı məlumat alıblar. Fotolarla maraqlananlar arasında Yuta ştatının qubernatoru Spenser Koks da olub. Sərginin fevralın 26-dək Solt-Leyk-Siti şəhərinin müxtəlif yerlərində nümayiş etdirilməsi nəzərdə tutulur.
- Baxış: 193