Müdafiə Nazirliyi Azərbaycanın daha bir dilbər guşəsindən - Zəngilan rayonunun İkinci Alıbəyli kəndindən videogörüntülər paylaşıb. Yaşayış məntəqəsi Həkəri çayının sahilində, Bərgüşad silsiləsinin ətəyində yerləşir. Kəndin keçmiş adı Balabəyli olub. Yaşayış məntəqəsini Ağdam rayonunda vaxtilə mövcud olmuş Alıbəyli kəndindən köçüb gəlmiş ailələr salıblar. Ərazisi əvvəllər Alıbəyli kəndinə məxsus yaylaq yeri olub. 1993-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən kənd 25 oktyabr 2020-ci ildə şanlı Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunub.
Bu kadrlar isə Ağdam rayonunun Əlimədətli kəndindəndir. Yaşayış məntəqəsi rayon mərkəzindən 32 km şimal-qərbdə, Xaçın çayının sol sahilindən 2 km aralı, Kiçik Qafqaz dağlarına aid olan Qarabağ silsiləsinin ətəyində yerləşir. 1993-ci il iyunun 15-də Ermənistan ordusu tərəfindən işğal olunana qədər Əlimədətli kəndində orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, xəstəxana, texniki-peşə məktəbi, uşaq bağçası, rabitə şöbəsi və müxtəlif ticarət-iaşə obyektləri olub. Xaçınçay su anbarı da bu kəndin ərazisindədir. İşğal altında olan bütün yaşayış məntəqələri kimi, Əlimədədli kəndini də ermənilər dağıdıb xarabalığa çeviriblər. Yaşayış məntəqəsi Azərbaycanın Vətən müharibəsindəki qələbəsi nəticəsində azadlığına qovuşub.
- Baxış: 219