• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1250
— 11.02.2021 10:33

Göygöl şəhəri 2021-ci ildə “Gənclər paytaxtı” seçilib

KepezTV Player

Gənclik yeni nəsil deməkdir. Kökünə bağlı, əcdadının yolu ilə gedən, milli, mənəvi dəyərlərinə, sadiq, əyilməz, alnıaçıq, həm də tükənməz gücdür. Gənclərə verilən dəyərin nəticəsi kimi ölkəmizdə 2012-ci ildən başlayaraq hər il paytaxt Bakı şəhəri istisna olmaqla, Azərbaycanın şəhər və rayonlarından biri “Gənclər Paytaxtı” elan olunur. Məqsəd həmin şəhərin ictimai aktivliyini artırmaq, şəhəri tanıtmaq, gənclərin gələcəkdə öz mövqelərini tapması üçün stimul yaratmaqdır. Bu günə qədər Gəncə, Biləsuvar, Quba, İsmayıllı, Şəmkir, Balakən, Naxçıvan, Şamaxı, Masallı şəhər və rayonları Azərbaycanın "Gənclər paytaxtı" seçilib.

Bu il 2 fevral - Azərbaycan gəncləri günü münasibətilə keçirilən istedadlı və yaradıcı gənclərin mükafatlandırılması mərasimində ölkənin 5 şəhəri - Göygöl, Xaçmaz, Mingəçevir, Sabirabad, Tovuz arasında keçirilən püşkatma nəticəsində ölkə gənclərinin mərkəzi Göygöl şəhəri seçilib. Cari il ərzində planlaşdırılan 30-a yaxın layihənin reallaşdırılması region və ölkə gəncləri üçün yeni imkanlar deməkdir. "Gənclər paytaxtı"nın 18 minə yaxın gənci də il ərzində keçiriləcək tədbirlərdə, layihələrdə fəal iştirak edərək rayonlarının adını daha da ucaltmaq niyyətindədirlər.

Qeyd edək ki, Göygöldə artıq 2 ilə yaxındır fəaliyyət göstərən karyera inkişaf mərkəzi də bu illər ərzində könüllülük fəaliyyəti proqramında geniş layihələr həyata keçirib. Rayonun Gənclər və İdman idarəsi ilə sıx əməkdaşlıq edən mərkəzin könüllüləri Gənclər paytaxtı ili çərçivəsində də öz təcrübələri ilə uğurlu layihələr reallaşdırmaqğı düşünürlər. Ümumilikdə rayon gəncləri ötən il 20 Respublika əhəmiyyətli müsabiqədə iştirak edərək fəxri fərman və diplomlar alıblar.