Dil xalqın milli sərvətidir. İnsanlar onun vasitəsilə ünsiyyət qurur, istək və arzularını, əmək fəaliyyəti və digər şüurlu fəaliyyətləri ifadə edirlər. Dil xalqı, xalq isə dili yaşadır.Müasir Azərbaycan dili sabit və mükəmməl qrammatik quruluşa, zəngin lüğət tərkibinə və ifadə vasitələrinə, zərif və ahəngdar səslənmə sisteminə malikdir. Azərbaycan dili xalqımızın mədəniyyətini, tarixini, adət-ənənələrini özündə əks etdirir. Dünyanın bir çox- yerlərində 40 milyondan çox insan bu dildə danışır. Bu dil duyğuları, hisləri rahatlıqla dilə gətirmək, düzgün ifadə etmək qüdrətinə, zənginliyinə malikdir.Öz qrammatik quruluşuna görə Azərbaycan dili türk dillərinin oğuz qrupuna daxildir. Lakin, Azərbaycan dili uzun illər türkdili, tatar dili və müəyyən müddətlərdə azərbaycan dili kimi adlandırılıb. Dilimiz başqa adlar altında göstərildiyi kimi istifadə etdiyimiz əlifba da bir neçə dəfə dəyişdirilib. Müstəqillik qazandıqdan sonra Azərbaycan dilinin qorunub saxlanılması, onun zənginləşdirilməsi və təmizlənməsi istiqamətində böyük işlər görülüb.1995-ci il noyabrın 12- də qəbul edilmiş müstəqil dövlətimizin konstitutsiyasında Azərbaycan dili rəsmi dövlət dili elan olundu. Azərbaycan dilinin milli-mənəvi və siyasi–hüquqi haqqının bərpası istiqamətində atılmış vacib addımlardan biri də Ümummilli Lider Heydər Əliyevin 18 iyun 2001-ci ildə imzaladğı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanı oldu. Həmin tarixdən də etibarən tam şəkildə yeni-latın qrafikalı əlifbaya keçirildi. Təəssüf ki, öz ana dilinə biganə yanaşaraq və özünü savadlı, mədəni göstərmək istəyərək dilimizi korlayan insanlara tez-tez rastgəlirik. Bu istər uzun illər rus dilinin təsiri nəticəsində dilimizə keçən sözlər olsun, istərsə də son dövrlər geniş marağa səbəb olan ingilis kəlmələri olsun. Fərq etməz. Əcnəbi dillərdən o sözlər götürülür ki,onun öz dilimizdə qarşılığı yoxdur.
Düzdür bütün dillərdə alınma sözlər var, zamanla da dilin lüğət bazasında möhkəmlənərək vətəndaşlıq hüququ qazanır. Bu təbii prosesdir və xalqlar arasındakı əsrlərlə qonşuluq, iqtisadi, siyasi, mədəni və elmi əlaqələr bunu təmin edir. Lakin dilə zorla yenilik gətirmək olmaz. Dilimizin saflığının qorunmasında dilçi alimlərin,ədiblərin,jurnalistlərin, müəllimlərin üzərinə böyük məsuliyyət düşür və onların borcudur ki, Azərbaycan ədəbi dilinin saflığına, işlənməsinə diqqət yetirsinlər, onun yad ünsürlərdən qorusunlar. Əsrlərlə yaşayaraq, ulu babalarımızdan bizə miras qalan dilimizi qoruyub saxlayaq, yaşadaq və gələcək nəsillər çatdıraq.
- Baxış: 1433