Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Abbasalı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində sərhədboyu zolaqda 4 naməlum şəxsin hərəkəti müşahidə olunub. Sərhəd naryadı onlara “Dayan” komandası versə də, sərhəd pozucuları hadisə yerindən qaçıblar. Qaçaqmalçıların təqibi və hadisə yerinin axtarışı həyata keçirilib. Əraziyə baxış zamanı 4 ədəd qara rəngli kisədə təxmini ümumi çəkisi 73 kiloqram olan narkotik vasitələrə və psixotrop preparatlara oxşar maddələr aşkar olunaraq götürülüb. Sərhəd pozucularından biri - Yardımlı rayon sakini 30 yaşlı Heydərli Orxan Nizami oğlu yaxalanıb, digər 3 nəfər hadisə yerindən uzaqlaşıb. Yardımlı rayon polis şöbəsin əməkdaşları ilə birlikdə keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Yardımlı rayon sakinləri 30 yaşlı Sultanov Eldəniz Arzuman oğlunun və 25 yaşlı Sultanov Orxan Ənvər oğlunun olduqları yer müəyyən edilərək saxlanılıblar. Digər sərhəd pozucusunun axtarışı davam etdirilir.
- Baxış: 511