• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1317
— 05.02.2021 12:23

Şəmkirdə üç cinayətkar dəstə ifşa edilib

KepezTV Player

Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində oğurluq cinayətləri törədən 3 dəstə ifşa edilib. Saxlanılan 12 nəfərin Şəmkirin müxtəlif ərazilərində ev, mağaza və digər obyekləri qarət etdiyi müəyyən olunub.

Araşdırmalarla aydınlaşıb ki, rayonun Seyfəli kənd sakini Qələndər Qasımov və Çinarlı qəsəbə sakini Nicat Səfiyev rayon ərazisində 4 fərdi yaşayış evi və bir mağazadan müxtəlif məişət avadanlıqları, ərzaq, tütün və alkoqollu içkilər oğurlayıblar. Daha sonra onlar rayon sakinləri - Elcan Süleymanov, Həsən Cabbarov, Zahir Məmmədov, Samir Namazov və İmamverdi Məmmədzadə ilə cinayət əlaqəsinə girərək oğurladıqları əşyaların satılmasını təmin ediblər. Dəstə üzvləri oğurluq zamanı istifadə etdikləri avtomobil, alət və avadanlıqlar, eləcə də qarət etdikləri maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil veriliblər.

Nicat Səfiyev - saxlanılan şəxs: “Abbaslıda iki nəfər 4 evə girdik. Notbuk, ev üçün əşyalar, ətçəkən, silah, qılınc, xırda əşyalar, ətir götürdük çıxdıq. Qapını qıraraq içəri daxil olurduq”.

Şəmkir polisinin keçirdiyi daha bir uğurlu əməliyyat nəticəsində rayon ərazisində tikinti materialları və avadanlıqları oğurlamaqda şübhəli bilinən 3 nəfərdən ibarət dəstə də zərərsizləşdirilib. Rayon sakinləri Bahadur Hacıyev, Eynur Məmmədov və Natiq Məmmədov əvvəlcədən plan quraraq yaşayış olmayan fərdi yaşayış evlərindən birinə qeyri-qanuni yolla daxil olub, oradan döşəmə üçün örtük, elektrik mişarı, naqil və s. tikinti ləvazımatları oğurlayıblar. Həmin şəxslər götürdükləri əşyaları satmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıblar.

Eynur Məmmədov - saxlanılan şəxs: “Üç nəfər 8-ci küçədə boş evə daxil olduq. Natiq, Bahadur, birdə mən pəncərədən içəri daxil olduq. 21 paket laminat, bir də müəyyən məişət əşyaları götürüb digər boş  evə apardıq”.

Keçirilən növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri Əlixan Qasımov və Elçin Əsgərov saxlanılıb. Onlar vətəndaşlara məxsus metal tərkibli müxtəlif əşyaları oğurlamaqda şübhəli bilinirlər.

Eşqin Qasımov - DİN-in Mətbuat Xidmətinin əməkdaşı: “Bundan başqa keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri Əlixan Qasımov və Elçin Əsgərov səyyari metal alqı-satqısı ilə məşğul olan zaman vətəndaşlara məxsus müxtəlif məişət əşyalarını oğurladıqları aşkarlanıb. Həmin şəxslər də saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib”.

Hər üç faktla bağlı Şəmkir Rayon Polis Şöbəsinin İstintaq və Təhqiqat bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. 

 

Natiq Hüseyn