Prezident İlham Əliyev Vüqar Süleymanovun Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb. Süleymanovu videoformatda qəbul edən dövlət başçısı vurğulayıb ki, azad edilmiş torpaqların minalardan təmizlənməsi işi birinci dərəcəli vəzifədir. Bu vəzifə icra olunmadan hər hansı bir inkişafdan söhbət gedə bilməz. Minatəmizləmə işləri elə aparılmalıdır ki, başa çatandan sonra hər hansı bir bədbəxt hadisə baş verməsin.
İlham Əliyev Azərbaycan Respublikasının prezidenti: Azad edilmiş torpaqlarda son günlərdə və müharibədən sonra əfsuslar olsun ki, bədbəxt hadisələr baş verir. Mən Azərbaycan vətəndaşlarına müraciət etmək istəyirəm, onlardan xahiş edirəm ki, azad olunmuş torpaqlara icazəsiz, qanunsuz getməsinlər. Mən insanların bu addımlarını bir tərəfdən başa düşürəm, onlar uzun illər vətən həsrəti ilə yaşamışlar, hər bir keçmiş məcburi köçkün tezliklə öz doğma torpağına, doğma kəndinə qayıtmaq istəyir, ancaq xahiş edirəm ki, gözləsinlər. Bir qədər gözləsinlər ki, minalardan təmizləmə işləri başa çatsın. Çünki bu, böyük təhlükədir, həm piyadalara, həm avtomobillərə böyük təhlükədir. Müharibədən sonra bir neçə belə bədbəxt hadisə baş verib, insanlar həlak olub, yaralanıb. Eyni zamanda, postlarda dayanan əməkdaşlar da nəzarət işlərini daha ciddi təşkil etməlidirlər ki, azad edilmiş torpaqlara qanunsuz, icazəsiz gedişə son qoyulsun. Bu bədbəxt hadisələr bir daha onu göstərir ki, mənfur düşmən işğaldan sonra nəinki bütün binalarımızı, bütün tarixi abidələrimizi dağıdıb, eyni zamanda, hər tərəfi minalayıb. Təkcə təmas xəttinə yaxın olan əraziləri yox, şəhərləri, yolları, önəmli strateji yüksəklikləri minalayıb və bizdə mina sahələrinin xəritələri yoxdur. Ona görə, bizim istehkamçıların üzərinə çox böyük vəzifə düşür. Onlar bu vəzifəni elə icra etməlidirlər ki, azad olunmuş torpaqları tamamilə minalardan təmizləyə bilsinlər.
Minatəmizləmə Agentliyinin qarşısında böyük vəzifələr durur
Dövlət başçısı vurğulayıb ki, azad edilmiş torpaqlarda minatəmizləmə işləri icra olunmadan hər hansı bir inkişafdan söhbət gedə bilməz. Bun görə də Minatəmizləmə Agentliyinin qarşısında böyük vəzifələr durur. İşin düzgün təşkili məsələsinə diqqət yetirilməli, təşkilatlanma işi düzgün həll olunmalıdır. Agentliyin işinə peşəkar kadrların cəlb edilməsini, keçmiş ANAMA-nın kadrlarından istifadə olunmasını tövsiyə edən Prezident İlham Əliyev vurğulayıb ki, yeni texnikanın alınması da növbədə duran əsas vəzifələrdən biridir.
"Birinci dərəcəli vəzifə minalardan təmizləmə işləridir"
İlham Əliyev Azərbaycan Respublikasının prezidenti:Son illərdə bu sahədə texnoloji inkişaf özünü qabarıq şəkildə büruzə verir. İndi elə maşınlar, mexanizmlər, texnika var ki, işi həm sürətləndirir, həm də keyfiyyətlə aparmağa imkan verir. Ona görə, baxın, dünyanın aparıcı istehsalçıları olan şirkətlərin ən müasir texnikası ölkəmizə gətirilməlidir. Çünki işin keyfiyyəti və sürəti bundan asılı olacaq. Bizim keçmiş köçkünlərimiz 30 il vətən həsrəti ilə yaşayıblar. Ona görə minatəmizləmə işləri elə aparılmalıdır ki, biz qısa müddət ərzində bərpa işlərinə start verə bilək və beləliklə, vətəndaşlar inşaat işləri başa çatandan sonra öz torpaqlarına qayıda bilsinlər. Mən ardıcıllıqla bağlı öz fikirlərimi dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, birinci dərəcəli vəzifə minalardan təmizləmə işləridir. Sonra ziyanın qiymətləndirilməsi, ondan sonra artıq bərpa işləri aparılacaqdır.
Azad edilmiş torpaqlarda minalardan başqa, partlamamış sursatların da kifayət qədər çox olduğuna diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb ki, ərazilərin bu sursatlardan təmizlənməsinə təcrübəli beynəlxalq mütəxəssislər cəlb olunmalı, işçilər üçün həm ölkə daxilində, həm də xaricdə qısamüddətli kurslar təşkil edilməlidir ki, bizim mütəxəssislər, istehkamçılar özləri-özlərini qoruya bilsinlər, eyni zamanda, burada ən qabaqcıl təcrübə tətbiq edilsin.
"Agentlik bundan sonra işin əsas hissəsini öz üzərinə götürməlidir"
İlham Əliyev Azərbaycan Respublikasının prezidenti:Peyk görüntülərindən səmərəli istifadə etməliyik. Peyk görüntüləri bizə əlavə imkanlar yaradır, həm müharibə dövründə, həm də müharibədən sonra təbii ki, bərpa işlərində. Biz ermənilər tərəfindən qırılmış meşələrin həcmini məhz peyklərdən müəyyən edə bilmişik və indi yerlərdə bunu təsdiq edirik. Meşələrimizin 54 min hektarı Ermənistan rəhbərliyi tərəfindən qırılıb, talan edilib və satılıb. Peyk görüntüləri, eyni zamanda, minalarla daha çox çirklənmiş yerləri də təsbit edir. Ona görə bu imkanlardan da səmərəli istifadə etməliyik. Mən müharibə başa çatandan sonra Müdafiə Nazirliyinə göstəriş vermişdim ki, əlavə istehkamçı taborlar yaradılsın və onlar yaradılıbdır. Azad edilmiş torpaqlarda minalardan təmizləmə işi ilə bağlı mənə müntəzəm olaraq məlumat verilir və bu günə qədər işin təqribən 80-90 faizini Müdafiə Nazirliyinin istehkamçıları görüblər. Amma sizin rəhbərlik edəcəyiniz agentlik bundan sonra işin əsas hissəsini öz üzərinə götürməlidir.
Keçmiş köçkünlər tezliklə öz doğma torpaqlarına qaytarılmalıdır
Dövlət başçısının sözlərinə görə, Minatəmizləmə Agentliyinin elə imkanı olmalıdır ki, bu agentlik ümumi işimizə böyük töhfə versin. Çünki əvvəlki agentliyin texniki təchizatı, say tərkibi aşağı səviyyədə idi. Əgər bu iş onların öhdəsinə buraxılsaydı, bilinmir neçə il lazım olacaqdı. Bizim isə vaxtımız yoxdur. Keçmiş köçkünlər tezliklə öz doğma torpaqlarına qaytarılmalıdır.
İlham Əliyev Azərbaycan Respublikasının prezidenti: Dəyən ziyanın qiymətləndirilməsi, infrastruktur layihələrinin icrası, evlərin tikilməsi, iş yerlərinin yaradılması - əgər bu işlər görülməsə, insanlar gedib o torpaqlarda necə yaşaya bilərlər? Gərək ev-eşiyi, şəraiti, suyu, elektriki, yolu, məktəbi, xəstəxanası olsun. Bu, böyük, genişmiqyaslı bir işdir. Mənfur düşmən işğal edilmiş və azad olunmuş torpaqlarda hər şeyi dağıdıb. Hətta son günlərə qədər yaşadıqları evləri də çıxarkən məhv edib, yandırıb, ağacları qırıb, xüsusilə Kəlbəcər və Laçın rayonlarında. Ağacların bir hissəsini yük maşınlarına doldurub Ermənistana satmağa aparıb. Qalan ağacları, sadəcə olaraq, qırıb ki, bizə qalmasın. Özləri tikmədikləri, - azərbaycanlıların yaşadıqları evləri ki, onları zəbt etmişdilər, - yandırıblar, dam örtüklərini, pəncərə çərçivələrini, sanitar qovşaqlarını çıxarıb aparıblar. Bu biabırçı kadrlar xarici mediada da kifayət qədər işıqlandırılmışdır. Görün, onlar nələri özləri ilə aparırlar?! Sanitar qovşaqlarını. Mənfur xuntanın özünə ofis yaratdığı Şuşa şəhərinin keçmiş raykom binasında kondisionerləri, radiatorları bu qaçaqaçda çıxarıblar. Çünki biz bilirdik ki, onlar oradan necə qaçırdılar. Bəlkə də qaçışda rekord nəticələr göstərmişlər. Amma bu qaçaqaçda da bellərinə yəqin ki, radiator, kondisioner bağlayıb Ermənistana qaçırdılar. Yəni, bizim bütün infrastrukturumuz, binalar yerlə-yeksan edilib. Ona görə hər kəs başa düşməlidir ki, bu işin miqyası nə qədər böyükdür və Azərbaycan bu bərpa işlərinə təkbaşına start verib. Biz heç kimdən yardım gözləmədən buna start vermişik və bütün işlər plan üzrə gedir.
Minatəmizləmə işlərinə özəl şirkətlər də cəlb edilməlidir
Prezident İlham Əliyev onu da diqqətə çatdırıb ki, minatəmizləmə işlərinə özəl şirkətlər də cəlb edilməldir. Hazırda xarici şirkətlərlə danışıqlar gedir. Bununla paralel olaraq, işin həcmi nəzərə alınaraq yerli şirkətlər də yarana bilər. Dövlət başçısı Azərbaycanın biznes dairələrinin burada öz sözünü deyə biləcəyini və beləliklə, işlərin daha qısa müddət ərzində həyata keçirilə biləcəyini vurğulayıb.
"Mənfur düşmən bizim torpağımızı da vəhşicəsinə istismar edib"
İlham Əliyev Azərbaycan Respublikasının prezidenti: Biz Azərbaycanda minatəmizləmə əməliyyatları üzrə milli standartlar hazırlamalıyıq. Yəni, bu, Azərbaycan standartları olmalıdır, əlbəttə ki, dünya praktikasına da baxmaq lazımdır. Hesab edirəm ki, bizim azad edilmiş ərazilərdə olan bu minalanmanın həcmi bəlkə də dünya miqyasında ən böyük dərəcələrdən biridir. Təmizləmə işləri də, əlbəttə ki, ardıcıllıqla aparılmalıdır. Burada da prioritetlər düzgün müəyyən edilməlidir. Siz bu prioritetləri də Operativ Qərargahla mütləq razılaşdırın. Çünki bu prioritetlər bizim bərpa işlərimizlə də uzlaşmalıdır. İlk növbədə, misal üçün, infrastruktur obyektləri - indi yollar çəkilir, mütləq o sahədə minatəmizləmə işləri aparılmalıdır, hava limanı tikilir, orada da indi bu işlər aparılır, elektrik xətləri çəkilir, yol boyunca bu işlər görülməlidir. Yaşayış məntəqələrinə gəldikdə, biz, ilk növbədə, şəhərləri bərpa etməliyik. Ona görə, bütün şəhərlərin əraziləri birinci növbədə minalardan təmizlənməlidir. Bununla paralel olaraq, yaxın gələcəkdə bəzi kəndlərdə bərpa işlərinə start veriləcək və mən artıq bunu bildirmişəm. Biz indi “ağıllı kənd” konsepsiyasını da hazırlayırıq. Bu konsepsiya demək olar ki, hazırdır, mənə məruzə edildi, mən bunu təsdiqlədim. “Ağıllı kənd” birinci pilot layihəsi icra ediləcəkdir. Məhz o yerlər də düzgün təsbit edilməlidir. Əkin sahələri və əkin sahələrinə gedən yollar təmizlənməlidir. Bu da prioritetlər sırasındadır. Çünki mənfur düşmən bizim torpağımızı da vəhşicəsinə istismar edib.
Azad olunmuş torpaqlarda təkcə taxıl altında 90 min hektar sahədən mənfur düşmən qanunsuz istifadə edib və qanunsuz varlanıb. Müharibə noyabrın 10-da dayandı və dekabrdan azad olunmuş torpaqlarda payız əkininə başlanılıb. Artıq 7 min hektarda payız əkini aparılıb. “Bu, bizim gücümüzü göstərir. Onu göstərir ki, biz bir dəqiqə də, bir gün də gözləmək istəmirik”, - deyən Prezident İlham Əliyev diqqətə çatdırıb ki, indi yazlıq əkin üçün sahələrin müəyyənləşdirilməsi prosesi də gedir, həmin əkin sahələrinə gedən yolların təmizlənməsi də mütləq prioritetlər sırasında olmalıdır.
Dövlət başçısı tapşırıq verib ki, biz də inkişaf etmiş ölkələrdə istifadə olunan robotlardan istifadə etməliyik. Ən müasir texnologiyalar, ən son model texnika Azərbaycana gətirilməlidir. Dövlət Minatəmizləmə Agentliyi ölkə daxilində bütün işləri başa çatdırandan sonra bu təcrübədən istifadə edərək, xarici ölkələrdə də fəaliyyət göstərə, podratçı kimi işləyə bilər. Agentliyin gələcək fəaliyyəti üçün uzunmüddətli strategiya olmalıdır.
- Baxış: 245