• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1194
— 30.12.2020 19:18

Pandemiya mərkəzə müraciətlərin sayını azaldıb

KepezTV Player

Peşə bayramını pandemiya şəraitində xalqa xidmət formasında qeyd edən “ASAN Xidmət”in bu dövrdə fəaliyyət prinsipləri dəyişməyib. Operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, etik davranış qaydalarına nəzarət və rahatlıq dövlət xidmətlərini əlaqələndirilmiş şəkildə təqdim etməyə hesablanıb. Xidmətin Gəncədəki mərkəzi də fəaliyyətini mövcud şəraitə uyğun şəkildə qurub.

Fəaliyyətə başlamasından ötən 7 il ərzində Gəncə "ASAN Xidmət" Mərkəzi 3 milyondan artıq vətəndaşa xidmət göstərib. İlin əvvəlindən yaşanan pandemiyanın ötən illə müqayisədə mərkəzə müraciətləri azaltması vətəndaşlara daha yaxşı xidmət göstərilməsi üçün yeni üsullardan və müasir innovasiyalardan istifadəni labüd edib.

Leyla Hüseynli - Gəncə “ASAN XidmətMərkəzinin əməkdaşı: Online qaydada vətəndaşların müraciəti 3 formada həyata keçirilir: mobil tətbiq proqramı vasitəsilə, asan.gov.az saytı vasitəsilə və 108 çağrı mərkəzi vasitəsilə vətəndaşların online qaydada mərkəzə müraciət edə bilərlər. Vətəndaşların online qaydada müraciət etməsi həm mərkəzlərdə vətəndaş sıxlığının, həmçinin də vaxt itkisinin yaranmamasına səbəb olur. Buna görə də bizim vətəndaşlardan xahişimiz bundan ibarətdir ki, mərkəzlərə müraciət etməmişdən əvvəl online qaydada müraciətlərdən aktiv şəkildə istifadə etsinlər.

Onlayn şəkildə mərkəzə daha çox şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi, xarici pasportların alınması xidmətindən yararlanmaq üçün müraciət edilir. Koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən sərt karatin rejimində Gəncə “ASAN xidmət” tərəfindən tənha, ahıl şəxslərlə bağlı sosial layihə icra edilib. Eləcə də Vətən müharibəsi dövründə “Əsgərə məktub” layihəsinin fəal iştirakçılarından olub.

Cəvahir Dəmirçiyeva - Gəncə “ASAN XidmətMərkəzinin əməkdaşı: Son zamanlarda həyata keçirilən ən uğurlu layihələrdən biri “Yaşat” layihəsi haqqında danışmaq istərdim. “Yaşat” layihəsi yeni yaradılan “Yaşat Fondu” vasitəsilə İkinci Qarabağ müharibəsi zamanı şəhid olan və qazi olan vətəndaşlarımızın ailələri ilə şəxsən görüş keçirilir, onların ehtiyacları qeydə alınır və onların ehtiyaclarının ödənilməsi üçün könüllü ianələr vasitəsilə onların ehtiyacları ödənilməsi həyata keçirilir.

Xidmətlərdən Gəncə şəhəri ilə yanaşı Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl, Goranboy, Samux, Naftalan, Kəlbəcər və Xocalı rayonu üzrə qeydiyyatda olan 1 milyondan artıq vətəndaş yararlanır.

Qənirə Abbaszadə