Çexiyanın paytaxtı Praqada keçirilən Avropa çempionatının sonuncu günündə Azərbaycanın 5 idmançısı medallar uğrunda mübarizəyə qoşulub. Təmsilçilərimizdən 3-ü qitə turnirini medalla başa vurub. 90 kq çəki dərəcəsində çıxış edən Məmmədəli Mehdiyev yarışın bürünc mükafatını qazanıb. O, medal görüşündə türkiyəli rəqibinə qalib gəlib.
Mehdiyevin komanda yoldaşı, 100 kq-da güləşən Zelim Kotsoyev də Avropa Çempionatını bürünc medalla yekunlaşdırıb. Zəlim 3-cü yer uğrunda görüşdə Bolqarıstan cüdoçusu ilə üz-üzə gəlib və Məmmədəli kimi ipponla qələbə qazanıb.
Bu gün turnirdə mübarizə aparan yeganə qadın cüdoçumuz İrina Kindzerska finala yüksəlib. 78 kq-dan yuxarı çəki dərəcəsində yer alan 29 yaşlı idmançı əvvəlcə serbiyalı rəqibini 89 saniyəyə, yarımfinalda isə ukraynalı idmançını 67 saniyəyə ipponla üstələyib. Həlledici görüşdə onun rəqibi fransalı cüdoçu olub.
Xatırladaq ki, əvvəlki yarış günlərində Orxan Səfərov qızıl, Rüstəm Orucov bürünc medal qazanıb. Avropa çempionatında 40 ölkədən ümumilikdə 345 cüdoçu mübarizə aparır.
- Baxış: 741