• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 901
— 24.10.2020 20:24

Bayraqlarla bəzədilən Nizami yurdu

KepezTV Player

Mənliyimiz, kimliyimiz, yurdumuza hakimliyimiz olan bayraq bizim üçün ən dəyərli və müqəddəs atributdur. Sadəcə atribut yox. Bəlkə də büt. Toxunulmaz, and və sitayiş yeri. Onun üçün ölüb, onun üçün dirilirik. Amma bir öləndə min dirilirik. Biz ölsək də, dirilsək də yaddaşımızı itirmirik. Unutmadıq, unutmarıq deyirik. Ard arda zəfərlərdən qürurlanırıq, lakin ortada müharibə varsa, deməli həm də çətin günlər yaşayırıq və bu çətin günlərdə dəstəyini hiss etdiyimiz ölkələrə minnətdarlığımızı ləyaqətimiz olan bayrağımızla bayraqlarını qoşa ucaldıb, qoşa dalğalandırmaqla edirik.

32 yaşlı Gəncə sakini Naiq İbrahimov könlündən keçən istəyi əmələ çevirməklə Azərbaycanın haqq işinə dəstək olan ölkələrə minnətdarlığını ifadə etməyə çalışıb. Alqışlanmalıdır, çünki İbrahimovun həyata keçirdiyi iş əslində dost dövlətlər üçün bütün azərbaycanlıların ürəyindən dilinə gələn böyük təşəkkürün forması, vətəndaş məmnunluğunun təzahürüdür. Elə Famil Məmmədovun addımı kimi. Özəl şirkətlərin birində çalışan Famil dayı yük daşığı avtomobili Azərbaycan, Türkiyə və Pakistan bayraqları ilə bəzətdirib. Bayraqlar maşının sağ, sol və ön hissəsinə vurulub. Və bunun çox maraqlı mənası da var.

Uzun illərdir Türkiyə kimi Pakistan da Qarabağ münaqişəsinin həllində Azərbaycana davamlı dəstək verir, xalqımızın öz tarixi ərazilərini bərpa etmək uğrunda ədalətli mübarizəsini müdafiə edir. Hər zaman dövlətimizin yanında olan, öz dəstəyini açıq və birmənalı şəkildə nümayiş etdirən Pakistana istər hökumət dairələrinin istərsə də sadə azərbaycanlıların münasibəti yüksək səviyyədə olub. Bunun nəticəsidir ki, respublikanın bütün şəhər və rayonlarında olduğu kimi Gəncənin Azərbaycan və Türkiyə bayraqlarına bürünən küçə və prospektlərində Pakistan bayraqlarına da rast gəlmək mümkündür.

Hazırda ölkəmizdə Azərbaycanla yanaşı, Türkiyə və Pakistan bayraqlarına da təlabat böyükdür. Satış yerlərində fərqli qiymətlərə təklif olunan bayraqlar var. Amma insanların almaq istədiyi bayraqlar əsasən böyükölçülüdür ki, dövlət müstəqilliyinin belə rəmzləri də yerli dərzilərin əl məhsuludur.

Gəncədə istəyə uyğun olaraq bayraq sifarişini qəbul edib tikişi ilə məşğul olan sexin rəhbəri İlham Rzayevin sözlərinə görə ötən ayın sonlarından başlayaraq işləri artıb. Müştərilər müxtəlif ölçülü Azərbaycan, Türkiyə və Pakistan bayraqlarını əldə etmək istəyirlər.

Azərbaycanda olduğu kimi Türkiyə və Pakistanda, həmçinin haqq mübarizəmizdə yanımızda olan digər dövlətlərdə də ölkəmizin bayraqları dalğalanır, respublikamıza bununla dəstək nümayiş olunur.