“Quldur dövlət olan Ermənistanın Gəncə və Mingəçevir şəhərlərinə təşkil etdiyi raket hücumlarında günahsız mülki şəxslər yenidən hədəf alınıb”, - bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop “twitter” hesabında yazıb. Bildirib ki, hələ də bu müharibə cinayətlərinə göz yumanlar, bilməlidirlər ki, beynəlxalq hüquqda ortaq olmaqda günahlandırılacaqlar. “Ermənistan elan edilmiş humanitar atəşkəsə baxmayaraq, müharibə cinayətləri törədir. Xocalıda olduğu kimi, qadınlardan, uşaqlardan, qocalardan və mülki şəxslərdən bəhs etmədən qətl törədir”. Bunu isə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib. Qeyd edib ki, bu qanunsuzluq və qırğınlar qarşılıqsız qalmayacaq, kim nə deyirsə, desin, Türkiyə sona qədər Azərbaycanın yanındadır. Türkiyənin vitse-prezidenti Fuat Oktay da tvitterdə Azərbaycana dəstək paylaşımı edib. “Bunun adı xainlik, qorxaqlıq, haqq-hüquq tanımamaqdır. Hər mövzuda sözü olan beynəlxalq təşkilatların işğalçı Ermənistanın mülki insanları öldürməsinə səssiz qalması təəccüb doğurur. Heç bir insanlıq suçu cəzasız qalmaz. Can Azərbaycan, daha güclü şəkildə yanında olmağa davam edəcəyik”, - deyə Fuat Oktay vurğulayıb.
- Baxış: 126