Ermənilərin Gəncəni raket atəşinə tutmasına baxmayaraq şəhərdə həyat dayanmayıb. Hər şey öz axarı ilə davam edir, bütün sahələr üzrə fəaliyyət yerindədir. “Kəpəz” futbol klubu da bu günlər ərzində məşqlərə çıxıb, oyunlara hazırlaşıb.
21 yaşadək yığmanın və əsas milli komandanın beynəlxalq oyunları səbəbindən çempionatlarda yaranan fasilə başa çatdığından I Divizionda mübarizə yenidən başlayıb. “Sarı-göylər”in aşağı dəstənin ikinci turunda oktyabrın 16-da Bakıda meydana çıxacaq. Məlum hadisələrə baxmayaraq Gəncə klubu doğma şəhəri tərk etməyərək qarşıdakı oyuna hazırlığı Nizami yurdunda keçirib.
Gəncə şəhər stadionunda Azərbaycan Ordusuna dəstək məqsədilə “Qarabağ Azərbaycandır” yazılı plakat və 3 rəngli bayrağımız asılıb. Elə cəhbədə əsgərlərimizin zəfər yürüşü də komandaya müsbət formada təsir edib.
Çempionata yaxşı başlayan “Kəpəz” mövsüm öncəsi iki məqsədindən birinə nail olub. Başqa klublarda oynayan Gəncə futbolunun yetirmələrini komandaya qaytaran “sarı-göylər”in qarşısında duran digər vəzifə divizionda uğurla çıxış edib mükafatçılar sırasına düşməkdir.
Çempionatın 2-ci turunda “Sabah”ın ikinci komandası ilə qarşılaşacaq “Kəpəz” növbəti qələbə sayəsində turnir cədvəlinin üst sıralarında mövqeyini möhkəmləndirə bilər.
- Baxış: 1078