• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1853
— 10.10.2020 20:02

Cəbhəyə könüllü gedən idmançılar

KepezTV Player

Qarabağın azadlığı üçün Azərbaycan Ordusunun sıralarına könüllü qoşulanlar arasında idman sahəsinin təmsilçiləri də var. Çünki vətəni qorumaq, onu işğalçılardan təmizləmək cəmiyyətdə tutduğu statusdan asılı olmayaraq hamının borcudur.

Döyüşlərin başladığı ilk günlərdən idmançılar, məşqçilər və bu sahədə digər fəaliyyəti olanlar ordu sıralarına yazılaraq dar günündə vətənin müdafiəsinə qalxıblar. Əməkdar məşqçi İlqar Alıyev yetirmələrindən bir neçəsi könüllü olaraq cəhbəyə yollanıblar. Onlar arasında ölkəmizin şərəfini beynəlxalq yarışlarda layiqincə qoruyan titullu idmançılar da var. Belələrindən Sənan Haqverdiyevin adını ilk sırada çəkmək olar. Sənan dəfərlərlə Azərbaycan çempionu, dünya ikinci, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının iştirakçısı olub. Hazırda onunla çiyin-çiyinə 3 qat Azərbaycan çempionu Elgün Alıyev və 8 qat ölkə çempionu, beynəlxalq turnirlərin qalibi Pərviz Mürsəlov döyüşür.

Əməkdar məşqçi illərdir “bu günün idmançısı gələcəyin döyüşçüsüdür” prinsipi ilə işinə yanaşan kikboksinq ailəsinin hamılıqla ordu sıralarına könüllü getməyə hazır olduğunu vurğulayıb.

Gəncədən cəbhəyə könüllü yollananlardan biri də Taleh Məmmədovdur. Orduya zabit kimi yazılan 34 yaşlı futbol hakimi həm də orta ümumtəhsil məktəbində fiziki tərbiyyə müəllim kimi çalışır. 14 ildir ki, müxtəlif liqa oyunlarında hakimlik edən Məmmədov indi Qarabağda ədaləti təmin etmək üçün cəbhədə düşmən qarşısındadır.

Hakim həmkarının sözlərinə görə, I Divizionda bacarığı seçilən yan xətt hakimlərindən biri olan Taleh Məmmədov aşağı dəstənin ilk turunun görüşü üçün dəvət alsa da, orduya yollandığından təyinatı ləğv olunub. Məmmədovun yaxın gələcəkdə Xankəndidə keçiriləcək oyunlara təyinat alması ümidiylə.