Gəncədə döyüş idman növləri haqda danışanda ilk yada düşən sima olan İlqar Alıyev 55 illik yubileyini qeyd edir. İdmanın inkişafına xidmət edən məşqçi 34 ildir ki, bu sahədə yorulmadan fəaliyyət göstərir.
Uğurlu və fədakar əmək fəaliyyəti ilə seçilən İlqar Alıyev kikboksinq üzrə Azərbaycanın ilk əməkdar məşqçisidir. Alıyev təkcə kikboksinqdən deyil, bir neçə idman növündən məşq keçir ki, bu da onu universal mütəxəssis kimi tanıdır.
Bu günün idmançısı gələcəyin əsgəridir prinsipi ilə işinə yanaşan təcrübəli mütəxəssis məşqlərdə hərbi vətənpərvərlik hisslərini aşılamaqla yetirmələrini tərbiyə etməyə və onların bu ruhda böyütməyə çalışır.
Yubilyar xoş günündə narazı qaldığı məqamı da dilə gətirib. O, uşaqların idmana yox, internet oyunlara hədsiz meyl etməsi ilə barışmır.
Əməkdar məşqçi yaşadğı 55 ilin 42 ilini idmana həsr edib. Bunun 34 ili məşqçi fəaliyyəti ilə bağlıdırsa, qalanı idmançı olduğu dövrü əhatə edir. Çoxları bəlkə də İlqar Alıyevin idmana futbolla başlamasından xəbərsizdir. Futboldan sonra o, ağır atletika ilə məşğul olub və sonradan döyüş növlərinə marağı yaranıb.
Məşqçiliklə yanaşı, İlqar Alıyev federasiya funksioneri kimi də çalışır. O, iki idman təşkilatının - Azərbaycan Döyüş və Kikboksinq federasiyalarının Qərb filialının sədridir.
- Baxış: 1031