Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları əməliyyat tədbiri nəticəsində qaçaqmalçılıq yolu ilə külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitə və psixotrop maddələrin ölkə ərazisinə gətirilərək realizə olunmasının qarşısı alıblar. Paytaxt sakini Adil Eyvazov və Cəlilabad rayon sakini Xəyal Quliyev Qaradağ rayonunda saxlanılıblar. Adil Eyvazovun idarə etdiyi “Ravon” markalı avtomobilin yük yerinə baxış zamanı bağlamalarda 86 kiloqramdan artıq olan narkotik vasitə və psixotrop maddə, o cümlədən 61 kiloqrama yaxın heroin, 10 kiloqramdan artıq tiryək və 15 kiloqram 299 qram metamfetamin aşkar olunaraq götürülüb.Narkotik vasitə və psixotrop maddələrin qara bazarda qiyməti təxminən 8 milyon manatdır. Müəyyən olunub ki, şəxslər “Milad” adlı qonşu dövlətlərdən birinin vətəndaşının qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə keçirdiyi külli miqdarda narkotik vasitə və psixotrop maddəni Cəlilabadın Suluçeşmə kəndi ərazisində gizlədilən yerdə qəbul ediblər. Xəyal Quliyev və Adil Eyvazov narkotikləri Bakı şəhərində satışını təşkil etmək məqsədi ilə götürüb paytaxt istiqamətində hərəkət edən zaman Baş İdarə əməkdaşları tərəfindən tutulublar. Onlar bir müddət əvvəl də həmin şəxsin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə göndərdiyi 10 kiloqramdan artıq narkotiki qəbul etdiklərini bildiriblər.Faktla bağlı cinayət işi başlanılıb.
- Baxış: 945