Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olan general-mayor Polad Həşimovun xatirə turniri başa çatdıqdan sonra Gəncədə mini-futbol üzrə daha bir yarışa start verilib. Bu dəfə Aprel döyüşlərində şəhid olan Ravil Novruzova həsr edilən birincilik başlayıb.
Yarışın açılış mərasimində torpaqlarımızın bütövlüyü uğrunda canından keçən vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra 2016-cı il Aprel döyüşlərində qəhrəmancasına şəhid olan Ravil Novruzovun həyat və döyüş yolundan bəhs edilib. Onun vətənpərvər övlad olmasından, doğma vətəni Azərbaycana sevgisindən danışılıb. Ravilin daim xatirələrdə yaşayacağı, qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğu bildirilib. Rəsmi hissədən sonra turnirin oyunlarına start verilib. Yarışda müxtəlif idarə, müəssisə və təşkilatları təmsil edən həvəskar futbolçulardan ibarət komandaları mübarizə aparır.
Yarış ilkin mərhələdə hərəsində 4 komanda olmaqla 3 qrupda keçirilir. Qruplarda ən yaxşı nəticə göstərən 6 kollektiv final mərhələsində qüvvəsini sınayacaq.
- Baxış: 3004