• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 795
— 25.08.2020 20:39

Gəncədən şahmat olimpiadasına çıxış

KepezTV Player

Ümumdünya Şahmat Olimpiadasının top divizionunda mübarizə aparan Azərbaycan komandası qrup oyunlarını lider kimi başa vuraraq birbaşa 1/4 finala vəsiqə qazanıb. Onlayn keçirilən yarışda yığmamızın heyətində Gəncə şahmatçısı Ülviyyə Fətəliyeva da yer alıb.

Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov kimi dünya çapında tanınan iti zəka sahibləri ilə eyni komandada çıxış edən Fətəliyeva millinin uğurlarında rol oynayan şahmatçılardan olub. Qrup mərhələsində Ülviyyəyə iki görüşdə şans verilib və o, hər ikisində özünü ən yaxşı tərəfdən göstərməyi bacarıb. Olimpiadanı Gəncədə internet üzərindən oynayan xanım şahmatçı əvvəlcə Cənubi Afrika Respublikası ilə qarşılaşmada etimad qazanıb. Rebekka Silkirkə qarşı matçda ağ fiqurlaqla çıxış edən həmşəhərlimiz yığmanın hesabına qələbə xalını yazıb. Norveçlə görüşdə də kompyüter arxasına keçən Fətəliyeva bu dəfə qaralarla Edit Maçlikə qalib gəlib. Yeri gəlmişkən, millimiz hər iki oyunda rəqiblərini böyük üstünlüklə məğlubiyyətə uğradıb. Azərbaycan ¼ finalda Bolqarıstan-Polşa cütünün qalibi ilə üz-üzə gələcək. Bu mərhələnin oyunları avqustun 28-də keçiriləcək. Bu il Rusiyanın paytaxtı Moskvada təşkili nəzərdə tutulan ümumdünya şahmat olimpiadası koronavirus pandemiyası səbəbindən onlayn formada keçirilir.

Xatırladaq ki, bu, Ülviyyənin karyerasında 3-cü olimpiadadır. 24 yaşlı Fətəliyeva buna kimi 2016-cı ildə Bakı, 2 il öncə isə Batumidə reallaşan şahmat dünyanın ən mötəbər yarşında millinin sıralarında olub.