• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1253
— 24.08.2020 12:23

Baş Prokurorluq Gəncədə əməliyyat keçirib, 3 nəfərə cinayət işi açılıb

KepezTV Player

Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin başçısı, daha sonra isə Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti bölməsinin müdiri vəzifəsində işləmiş Məharət Mustafayevin qanunsuz əməlləri ilə əlaqədar vətəndaşların çoxsaylı müraciətləri əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, istintaq zamanı əldə olunan ilkin sübutlar əsasında müəyyən edilib ki, Mustafayev Nizami rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyərkən qabaqcadan əlbir olduğu şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti bölməsinin müdiri Əli Rüstəmli və digər vəzifəli şəxslərlə cinayətkar əlaqəyə girməklə, onların vasitəsilə ayrı-ayrı insanlardan müxtəlif vaxtlarda fərdi yaşayış evlərinin layihələndirilməsi və tikintisinə icazə verilməsi, eləcə də digər qanunsuz məqsədlər üçün ümumilikdə 194 min 300 manat pulu rüşvət qismində ələ keçirməsinə, həmçinin, istehsal fəaliyyətinin davam etdirilməsinə şərait yaradılmasını vəd etməklə, vətəndaşın 175 min 500 manatını dələduzluq yolu ilə mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib. Bundan başqa, Məharət Mustafayevin Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri vəzifəsində işləyərkən torpaq sahəsinə dair sənədləşmənin aparılması üçün rəhbəri olduğu şöbənin mühəndisi vasitəsi ilə vətəndaşdan 9 min manat məbləğində rüşvət almasına və hərəkətləri ilə vətəndaşların qanunla qorunan maraqlarına ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib. Məharət Mustafayev, Əli Rüstəmli, eləcə də həmin cinayətlərin törədilməsində vasitəçi qismində iştirak edən Razin Qəhrəmanova ittiham elan edilib, Məharət Mustafayev və Əli Rüstəmli barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs, Razin Qəhrəmanov barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, o cümlədən cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin tam dairəsinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.