• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1773
— 12.08.2020 19:27

Qayda pozanlar cərimələndilər

KepezTV Player

Yenə də karantin qaydalarını pozanlar tapılıblar. Kimisi nişan edib, kimisi yas mərasimi keçirib. Qaydalara biganə yanaşanlar cərimələniblər.

Balakən Rayon Polis Şöbəsinə COVID-19 infeksiyasına yoluxan rayon sakininin yaşayış yerini tərk etməsi barədə məlumat daxil olub. Qazma kənd sakini Taleh Məmmədovun koronavirus testinin nəticəsi pozitiv olduğuna görə, ona ev şəraitində müalicə təyin edilib, ancaq Məmmədov qaydaları pozaraq evindən çıxıb. Şəxsin mağazaya və başqa bir neçə yerə getdiyi məlum olub. Polis əməkdaşları və həkimlərin müşayiəti ilə o, Təcili Tibbi Yardım avtomobilinə əyləşdirilərək, koronavirus xəstələrinin müalicə aldığı Balakən Rayon Mərkəzi Xəstənasına aparılıb. Bir neçə gün əvvəl də T.Məmmədov yaşayış yerini tərk etdiyinə görə, onunla profilaktik söhbətlər aparılıb. Bu hərəkətinin digər şəxslərin həyat və sağlamlığı üçün təhlükəli olduğu diqqətinə çatdırılaraq ciddi xəbərdarlıq edilib. Ancaq o, bundan nəticə çıxarmayaraq yenidən qaydaları pozub. Hazırda məsələ ilə əlaqədar müvafiq qərar qəbul edilməsi üçün Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.Zaqatalada evdə gizli nişan mərasimləri keçirənlər cərimələniblər. Polis Şöbəsinə rayon ərazisində yerləşən 2 fərdi yaşayış evində karantin qaydalarının pozularaq, gizli nişan mərasimlərinin keçirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşları Zaqatala şəhər sakini Firəngiz Məmmədovaya və Danaçı kənd sakini Rauf Əliyevə məxsus evlərə gəliblər. Həmin ünvanların hər birində 20-dən artıq şəxsin bir yerə toplaşaraq, karantin qaydalarını pozduqları aşkar edilib. Ev sahibləri və məclisi təşkil edənlər Polis Şöbəsinə dəvət edilib. Onlara ölkədə elan edilən karantin rejiminin tələb və qaydaları izah olunub. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək, hər biri 200 manat məbləğində cərimələnib. Neftçala Rayon Polis Şöbəsinə şəhər ərazisində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşları dərhal həmin ünvana gəliblər və orada karantin rejiminin qaydalarının pozulduğu aşkar edilib. Mərasim dayandırılıb və orada olanlardan 17 nəfər polis şöbəsinə gətirilib. Onlardan 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunub, 4 nəfərə isə xəbərdarlıq edilib. Salyan Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində fəaliyyətinə icazə verilən obyektlərdə, marketlərdə və əhalinin sıx olduğu yerlərdə nəzarət-profilaktiki reydlər keçiriblər. Rayon sakinləri ilə profilaktik söhbətlər aparılıb. Sosial məsafəni gözləməyən, maskalardan istifadə etməyən şəxslərə mövcud sanitar-epidemioloji tələblər izah olunub. Reyd zamanı rayon ərazisində sanitar-karantin qaydalarını pozan 12 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar cərimə olunublar.

Cəlilabad polisinin keçirdiyi əməliyyat nəticəsində şəhər ərazisində yerləşən “Habil” kafesinin karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən olunub. Obyekti icarə əsasında işlədən Yusif Hüseynov və 2 müştəri saxlanılıb. Onlarla profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri izah edilib. Barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tədbir görülüb. Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisindəki market və digər ticarət obyektlərində və əhalinin sıx olduğu yerlərdə nəzarət-profilaktiki reydlər keçirib. Sanitar-karantin qaydalarını pozan 35 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar cərimə ediliblər. Ağdaş Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyənlərə qarşı reyd keçiriblər. Reyd zamanı bəzi sürücü və sərnişinlərin tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etmədiyi, eləcə də ara məsafəsini gözləmədən əyləşdikləri aşkar olunub. Qaydalar və tələblər onların diqqətinə çatdırılıb. Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması üçün bu qaydalara riayət etmələrinin vacibliyi bir daha izah olunub. Bununla yanaşı edilən xəbərdarlıqlara məhəl qoymayaraq, karantin rejiminin tələblərini pozmaqda davam edən bəzi sürücü və sərnişinlər barəsində cərimə protokolu tərtib olunub.