Bu ilin ən böyük bəlası koronavirusun kütləvi yayılmasıdırsa, onun qədər çətinlik yaradan məqamlardan biri də virusla mübarizəyə əngəl törədənlərin sayının kifayət qədər olmasıdır. Yenə Karantin qaydalarını gözardı edənlər var. Elə Bakı şəhərindən bölgələrə sərnişinlərin hərəkətinə şərait yaradan daha bir sürücü polis əməkdaşları tərəfindən saxlanılıb.
Həyata keçirilən tədbir nəticəsində bu qanunsuz fəaliyyətlə məşğul olan Bakı şəhər sakini Nizami Ayvazov idarə etdiyi “Skayner” markalı sərnişin avtobusu ilə paytaxt qeydiyyatında olan sərnişinləri Lerik rayonuna aparmaq istəyən zaman Bakı-Qazax yolunun 65-ci kilometrliyində quraşdırılan xüsusi karantin postunda yol polisləri tərəfindən saxılanılıb. Sürücü əvvəlcə avtobusla postda olan yük maşınları üçün nəzərdə tutulan zolaqdan keçməklə yoxlamadan yayınmaq istəsə də, məcburi qaydada saxlanılıb. Nəqliyyat vasitəsinin salonuna baxış zamanı 14-ü azyaşlı olmaqla, 40 nəfər bir-biri ilə yaxın qohumluq münasibətində olan paytaxt sakininin karantin qaydalarını pozaraq Lerik rayonuna getmək istədikləri məlum olub. İstirahət məqsədi ilə yaxın qohumlarını və ailəsini bir yerə cəmləyərək, avtobus sifariş verən Fikrət Əliyev və digər 25 sərnişin barəsində inzibati qaydada protokol tərtib edilərək, cərimə olunublar. Sürücü Nizami Ayvazov barəsində isə inzibati qaydada qərar qəbul edilməsi üçün Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsində toplanan materiallar məhkəməyə göndərilib.
Daxili İşlər Nazirliyi karantin qaydalarını pozaraq bölgələrdən paytaxta və əks istiqamətdə qanunsuz yolla sərnişin daşıyan sürücülərə bir daha xəbərdarlıq edərək, onlardan Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi bütün qaydalara riayət etmələrini tələb edir. Əks halda həmin sürücülər polis əməkdaşları tərəfindən müəyyən edilərək barələrində ciddi intizam tədbirləri görüləcəkdir.
- Baxış: 1076