Göygöldə bu il 1600 torpaq mülkiyyətçi 25 kənndə taxıl əkib və artıq 1 həftədir ki, zəmilərdə biçinə başlanılıb. Məhsulun bol olması kəndliləri sevindirir.
Göygöldə bu il 6826 ha-da taxıl əkilib ki, onun da 4 min 415 ha-ı buğda, 2 min 411 ha-ı arpadır. Hazırda rayonun suvarılan ərazilərində arpa biçini aparılır və ayın sonuna dağlıq ərazilərdə buğdanın da yığımı aparılacaq. Biçilən zəmilərdən 3782 ton məhsul anbarlara daşınıb. Hektardan orta məhsuldarlıq 28 sentner təşkil edir.
Aydın Abbasov - torpaq mülkiyyətçisi: Göygöl rayonun Balçılı kəndində yaşıyıram. 5 ildir ki, bu işlə məşğulam. Artıq 5 hektar arpanı biçmişəm və 22 ton məhsul götürmüşəm. 10 hektardan 38 tona yaxın məhsul götürürük. Məhsuldarlıq ötən ilə baxanda yaxşıdır.
Rayonda hüquqi, fiziki şəxslərin kombaynları ilə yanaşı Aqrolizinq-inxətti ilə 14 kombayn da biçinə cəlb olunub. Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzində yaradılan qərargahın üzvləri biçin zamanı yaranan çətinlikləri yerindəcə həll edir.
Adil Kərimzadə - Göygöl DAİM-in Bitkiçilik sektorunun müdiri: Əsasən növbələrin pozulması ilə bağlı problemlər olur. Bu da qərargah üzvləri tərəfindən yerində həll olunur. Taxıl biçini başlamamışdan əvvəl bütün istehsalçılar məlumatlandırılıb ki, taxıl biçini zamanı texniki, yanğın təhlükəsizlik qaydalarına əməl etsinlər. Bundan əlavə olaraq taxıl biçildikdən sonra köşənlərin yandırılmasının qadağan olunması da onların nəzərinə çatdırılıb.
Ötən ilə nisbətən bu il rayonda taxılaltı sahələr azalıb. Bunun da səbəbi digər bitkilərlə əvəzlənmə və növbəli əkin sisteminin tətbiqidir.
- Baxış: 4105