Sumqayıtda qeydə alınan cinayətlə bağlı rəsmi açıqlama verilib. İyunun 6-da Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisindəki parkda şəhər sakini, 31 yaşlı Zöhrab Qasımovun üzərində kəsilmiş-deşilmiş xəsarətləri olan meyiti aşkar olunub, onun həmyaşıdı Namiq Rəhimov isə soyuq silahla yetirilməyə xarakterik xəsarətlərlə şəhər Təcili Tibbi Yardım xəstəxanasında ölüb. Daxil olan məlumat əsasında şəhər prokurorluğu və polis idarəsinin əməkdaşları Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinin ekspertlərinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçiriblər. Hadisə yerindən iki ədəd bıçaq və digər əşyalar götürülüb. İlkin istintaqla müəyyən edilib ki, Namiq Rəhimov parkda şəxsi münasibətlər zəminində aralarında baş verən mübahisə zamanı üzərində gəzdirdiyi bıçaqla Tofiq Qasımova kürək nahiyəsinə, sonuncunun qardaşı Zöhraba isə ağ ciyərinə nüfuz edən xəsarətlər yetirib. Zöhrab öz növbəsində gəzdirdiyi bıçaqla Namiqin ürək nahiyəsinə zərbə vurub. Tofiq Qasımov və Namiq Rəhimov Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsalar da, Rəhimovu xilas etmək mümkün olmayıb. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
- Baxış: 1314