• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1278
— 08.05.2020 15:40

İlham Əliyev Mixail Qusmana eksklüziv müsahibə verib

KepezTV Player

123 Sovet İttifaqı Qəhrəmanı bizim fəxr etdiyimiz insanlardır, indiki nəsil də, gələcək nəsillər də bu insanlarla fəxr etməlidirlər. Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana eksklüziv müsahibəsində belə deyib. Dövlət başçısı Böyük Vətən müharibəsində Azərbaycan neftinin rolundan, veteranlara göstərilən qayğıdan, həmçinin pandemiyanın insan psixologiyasına göstərdiyi təsirlərdən, Azərbaycanın bu çətin sınaq qarşısında apardığı mübarizədən danışıb.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: O vaxt hələ Sibirdəki yataqlar kəşf edilməmişdi. Buna görə yanacaq-sürtkü materiallarının əsas bazası Azərbaycan idi. Bu da təsadüfi deyil ki, faşist Almaniyası məhz Bakını tutmaq niyyətində idi. Bu məşhur kadrlar dəfələrlə nümayiş etdirilib: Hitlerə təqdim edilən bayram tortunun üzərində “Xəzər dənizi” sözləri yazılmışdı. Hətta belə bir forma məxsusi olaraq Xəzər dənizinin sərhədlərini göstərirdi, Hitler də svastikanı həmin nöqtəyə qoymuşdu. Əgər bu niyyət baş tutsaydı, əlbəttə, müharibənin yekunu tamam fərqli ola bilərdi.

Bir neçə il bundan əvvəl Ermənistanda faşist cəllad və cani, Njde ləqəbi ilə məşhur olan Qaregin Ter-Arutyunyana 6 metr hündürlüyündə heykəl qoyulub. Bu adam müharibə dövründə deyirdi: “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”. Onun təxribatçılıq fəaliyyəti çoxsaylı insanın ölümünə gətirib çıxarıb – deyən prezident bu məsələni MDB üzrə həmkarlarının diqqətinə çatdırmağından da danışıb. “Biz həqiqəti deməliyik, əks halda, bu təşkilat formatında diskussiyalar, səmimi desək, mənasını itirər”.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Buna görə bu məsələni qaldıranda ümid edirdim ki, Ermənistanın yeni, özünü demokratik kimi göstərməyə çalışan rəhbərliyi mənim təşəbbüsümü dəstəkləyəcək. Lakin təəssüf ki, bunun əksini gördüm. Gördüm ki, Ermənistan nümayəndə heyətinin rəhbəri, baş nazir bu canini müdafiə etməyə başladı, dedi ki, nə olsun o, həbs düşərgələrində olub, Soljenitsın da həbs düşərgələrində olub. Bilirsiniz, bu yerdə protokol qaydalarını pozdum, yenidən çıxış üçün söz aldım və dedim ki, Soljenitsını faşistlərin əlaltısı ilə müqayisə etmək həyasızlığın yüksək dərəcəsidir. Ona görə bütün bunlar böyük təəccüb, heyrət doğurur və belə bir fikrə əsas verir ki, Ermənistanda hakimiyyət dəyişə bilər, lakin rejimin mahiyyəti əvvəlki kimi qalır.

Qələbənin qeyd edilməsi ilə bağlı tədbirlərə gəlincə, dövlət başçısı koronavirus şəraitində kütləvi tədbirlərin çoxdan ləğv edildiyini, buna baxmayaraq, həlak olanların xatirəsini tamam başqa formatda yad edəcəyəni vurğulayıb.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Biz öz veteranlarımızı qorumalıyıq. Təəssüf ki, onların sayı ilbəil azalır. Adətən mayın 9-da mən həmişə veteranlarla görüşürəm, biz söhbət edirik, həlak olanların xatirəsini ehtiramla yad edirik, onların məzarları üzərinə gül-çiçək, əklillər qoyuruq. Hər dəfə onlarla ünsiyyətdə olanda, sanki enerji alırsan. Özü də onların çoxunun yaşı 90-ı keçib, hətta 100-ü haqlayanlar da var. Lakin əvvələn, fiziki baxımdan onlar möhkəm olduqlarını nümayiş etdirirlər. Ən başlıcası, onların mənəvi ruhu, nikbinliyi və həyatsevərliyi, əlbəttə, bizi heyrətləndirir, təəccübləndirir və biz onlarla yalnız fəxr edə bilərik. Biz hər il veteranlar üçün mükafatlar ayırırıq. Bu il həmin mükafatın məbləği təxminən 900 dollar, manatla hesablasaq 1500 manat olacaq. İl ərzində də onların problemlərini həll edirik.

Mixail Qusman diqqətə çatdırıb ki, Rusiya Prezidenti Vladimir Putin müvafiq epidemioloji şərait imkan verəndə bu tarixin Rusiyada qeyd edilməsi planlaşdırılır. Bununla bağlı bütün dəvətnamələr qüvvədə qalır. İnsanlar yeni iş formatına, özünütəcrid rejiminə tədricən alışır. Bu, onların çoxunun həyat tərzinə, psixoloji vəziyyətinə ciddi təsir göstərir.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Biz yaxşı başa düşürük ki, həftələrlə evdə oturmaq, evdən çıxmamaq fəal həyat tərzinə, fəal işləməyə adət etmiş insanlar üçün çox ciddi sınaqdır. Bəli, mən qeyd etdim ki, işini itirənlər üçün vəsait ödəyirik. Axı onlar üçün motivasiya təkcə əməkhaqqı deyildi. İnsanlar əslində, sevimli işindən məhrum olublar və əlbəttə ki, bu da onların psixoloji vəziyyətinə ciddi təsir göstərə bilər. Buna görə dünyanın gələcəkdə necə olacağını güman etmək çətindir.

Dövlət başçısı vəziyyətin çox mürəkkəb olmasına, çoxsaylı insan tələfatına baxmayaraq, ictimai şüurda mərhəmət səviyyəsinin xeyli yüksəldiyini bildirib. “İnsanlar anlayırlar ki, təbiətin və Allahın qarşısında hamı bərabərdir, hər kəs öz yaxınları qarşısında məsuliyyət göstərməli və özünü ləyaqətlə aparmalıdır” Sitatın sonu.