Ölkə başçısının əhalinin yaşayış sahələrinə olan ehtiyacının ödənilməsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tapşırığına uyğun olaraq Gəncədə güzəştli mənzillər tikilir. Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən tikilən bu binalarda ümumilikdə 986 mənzil olacaq.
Gəncədə sosial binalar gördüyünüz bu ərazidə Gəncə çayının sağ sahilində Azərbaycan bayrağı küçəsində inşa olunur. Sosial binaların tikintisi üçün 6, 23 hk ərazi ayrılıb.
Yaşayış kompleksi layihəyə uyğun olaraq 18 çoxmərtəbəli binadan ibarət olacaq. Bunlardan 12-nin mərtəbəsi doqquz, 6-nın isə on ikidir. Sürətlə davam etdirilən işlər hazırda 11 yaşayış binasını əhatə edir. Artıq binalarda 2 mərtəbə inşa olunub. Bunun üçün işlərə canlı qüvvə və ağır texnikalar cəlb olunub. Ərazidə inşa olunan 1170 yerlik tam orta məktəb binasının tikinti quraşdırma işləri də artıq başa çatdırılıb, 125 yerlik uşaq bağçasında da tikinti davam edir.
Diana Dadaşova - Mənzil İnşaatı Dövlət Agentliyinin mətbuat katibi: Xatırladaq ki, güzəştli mənzil əldə etmək istəyən vətəndaşların rahatlığını təmin etmək, “Güzəştli mənzil” elektron sistemindən istifadə ilə bağlı sualları cavablandırmaq, habelə elektron kabinetin yaradılmasında köməklik göstərmək məqsədilə Bakı şəhərində yerləşən 1, 3 və 5 saylı “ASAN xidmət” mərkəzlərində, habelə Sumqayıt “ASAN xidmət” mərkəzində və Gəncə şəhərində yerləşən “ASAN xidmət” mərkəzində "Güzəştli mənzil" pəncərələri vətəndaşlara xidmət göstərir.
Həmçinin Mənzil İnşaatı Dövlət Agentliyinin digər layihələrində olduğu kimi Gəncədə də inşa olunan yaşayış kompleksinin ərazisində qazanxana, transfarmator və su hovuzu, eləcə də insanların istirahəti üçün geniş həyətlər, yaşıllıq zonaları, uşaq meydançaları da yaradılaraq istifadəyə veriləcək.
- Baxış: 786